Tacikistan və Qırğızıstan “bütün sərhəd məsələlərini həll edəcək” protokol imzalayıblar

Tacikistan və Qırğızıstan “bütün sərhəd məsələlərini həll edəcək” protokol imzalayıblar

4 Oktyabr 2023 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan və Tacikistanın hökumət nümayəndə heyətlərinin görüşündə protokol imzalanıb ki, bu da bütün sərhəd məsələlərinin həllinə əsas verir.

Tacikistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Batkendə Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı görüş keçirilib. Nümayəndə heyətlərinə respublikaların Dövlət Milli Təhlükəsizlik Komitələrinin sədrləri başçılıq edirdilər. Görüşdə Düşənbəni Saimumin Yatimov, Bişkeki Kamçıbek Taşiyev təmsil edib.

Protokolun məzmunu açıqlanmır. İmzalanmadan sonra keçirilən brifinqdə Yatimov bildirib ki, sənəd həyata keçiriləcəyi təqdirdə “əvvəllər Tacikistan-Qırğızıstan sərhədində münaqişələr üçün əsas və ilkin şərt olan bütün məsələləri və problemləri həll edəcək”.

Taşiyev isə qeyd edib ki, protokol hər iki ölkə tərəfindən razılaşdırılıb.

“Bu, bizə bütün sərhəd məsələlərini həll etmək üçün əsas verir. İnşallah, yaxın vaxtlarda dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı yekun qərarı verəcəyik. İmzaladığımız qərarlar sərhədin sakit, sabit olacağına və xalqlarımızın dostluq və mehribanlıq şəraitində yaşayacağına əsas verir”,-deyə Taşiyev vurğulayıb.

Bu arada danışıqlarda iştirak edən Qırğızıstan hökumətinin sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə xüsusi nümayəndəsi Nazirbek Borubayev bildirib ki, protokol sərhəd məsələlərinə son qoymur

“Sərhəd problemi hələ tam həll olunmayıb, onu bir gecədə həll etmək olmaz. Hazırda məsələ ilə bağlı yalnız prinsiplər razılaşdırılıb. Danışıqlar davam edir və ona görə də daha ətraflı məlumat verə bilmərəm. Məlumat versəm, bu, danışıqlara təsir edəcək. Belə ki, danışıqlar oktyabrın 8-dək davam edəcək”, - deyə o, Maral radiosuna şərhində bildirib.


Taşiyevə yaxın olan jurnalist Nurqazi Anarkulov isə protokolu tarixi adlandırıb və “Qırğızıstan-Tacikistan sərhədində mübahisələrin sona çatdığını” deyib. Onun sözlərinə görə, otuz ildə ilk dəfə olaraq Tacikistan tərəfi bütün iddialarından imtina edib, Qırğızıstan tərəfinin tələbləri yerinə yetirilib.

Əziz Mustafa