Sergey Lavrovun amerikalı Taker Karlsonla müsahibəsi yayılıb

Sergey Lavrovun amerikalı Taker Karlsonla müsahibəsi yayılıb

6 Dekabr 13:54
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin ABŞ-la müharibə vəziyyətində olub-olmaması ilə bağlı suala “mən, belə deyə bilmərəm” cavabını verib. Bunu Lavrovla söhbəti lentə almaq üçün yenidən Moskvaya uçan amerikalı teleaparıcı, “Fox News”un keçmiş əməkdaşı Taker Karlsona müsahibəsində deyib.
Video dekabrın 6-na keçən gecə yayılıb. Söhbətin stenoqramı Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Mətn rus və ingilis dillərində mövcuddur.
ABŞ-la müharibə ilə bağlı sualı cavablandıran rusiyalı nazir qeyd edib ki, “Moskvanın istədiyi bu deyil”. “Əlbəttə ki, biz bütün qonşularımızla, ümumiyyətlə, bütün ölkələrlə, xüsusən də ABŞ kimi böyük ölkə ilə normal münasibətlər qurmaq istərdik”, - deyə Lavrov bildirib.
“Biz vəziyyəti gərginləşdirmək istəmirik, lakin ATACMS və digər uzaqmənzilli silahlar Rusiya ərazisində istifadə olunduğu üçün biz ümid edirik ki, sonuncu, bir neçə həftə əvvəl, yeni “Oreshnik” sistemindən istifadə siqnalı indi ciddi qəbul edilir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Sergey Lavrov Taker Karlsona müsahibəsində ABŞ-ın seçilmiş prezidenti Donald Trampa münasibətini bildirib. “Düşünürəm ki, o, nəticə əldə etmək istəyən güclü insandır və hər şeyi sonraya qoymağı sevmir”, - deyə rusiyalı nazir bildirib.
“Fox News” telekanalının keçmiş aparıcısının Rusiyanın Ukraynada hərbi əməliyyatları hansı şərtlərlə dayandıracağı ilə bağlı sualını cavablandıran Sergey Lavrov deyib ki, münaqişə yalnız Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, ölkədəki Qərb hərbi bazalarının bağlanması və xarici hərbçilərin də iştirak etdiyi təlimlərin ləğvindən sonra sülh yolu ilə həll oluna bilər.
Ukraynalılar haqqında danışan rusiyalı nazir deyib ki, Moskva “Ukrayna xalqını məhv etmək niyyətində deyil”. "Onlar rus xalqına qardaşdırlar" deyən Lavrov dərhal "bu müharibəni biz başlamamışıq" deyib.
Sergey Lavrovun Taker Karlsonla müsahibəsi interneti partladıb. Cəmi bir neçə saat ərzində üç milyon baxış olub və bu, yalnız jurnalistin “X” sosial şəbəkəsindəki rəsmi hesabında olub.
Almaz Həsənli