WSJ: Əsədin ailəsi Rusiyaya qaçdı

WSJ: Əsədin ailəsi Rusiyaya qaçdı

7 Dekabr 20:08
Bəyəndim (1) Bəyənmədim (0)


Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı və üç uşağı Rusiyaya qaçıb. Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Bəşər Əsədin həyat yoldaşı və üç övladı keçən həftə üsyançıların paytaxta doğru sürətlə irəliləməsindən sonra Dəməşqdən Moskvaya yola düşüb. Suriya təhlükəsizlik qüvvələri və ərəb rəsmiləri nəşrə bildiriblər ki, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və üç övladı Rusiyaya, Əsma qardaşlarından ikisi isə Birləşmiş Ərəb Əmirliklərinə gedib. Nəşrin məlumatına görə, Əsədin özü hələlik Suriyadadır.
“The Telegraph” yazır ki, Misir və İordaniya rəsmiləri Əsədi də ölkəni tərk etməyə çağırsalar da, İordaniyanın Vaşinqtondakı səfirliyi bu məlumatı təkzib edib.
Bəşər Əsədin ailəsinin Rusiyaya köçməsi Suriya hökumətinə təzyiqlərin artdığını göstərir. O, həmçinin üsyançı qüvvələrin, xüsusən də paytaxta yaxın olan əsas bölgələrdə artan üstünlüyünü vurğulayır. “Həyat Təhrir əl-Şam” hərbi müxalif qruplaşmasının rəhbərlik etdiyi üsyançılar artıq paytaxtın 100 kilometr cənubunda yerləşən Dəraa şəhərini ələ keçirib. Onlar indi Suriyanın üçüncü böyük Homs şəhəri yaxınlığında irəliləyirlər. Yerli sakinlər və Suriya hökumət qoşunları artıq şəhəri tərk ediblər, lakin Homsda hökumətyönlü silahlılar qalmaqdadır. ABŞ və İordaniya öz vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.
Amerikanın Suriyadakı səfirliyinin saytında da ölkədə təhlükəsizlik vəziyyətinin gözlənilməz olaraq qaldığı barədə xəbərdarlıq yerləşdirilib.
Almaz Həsənli