
Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifi ilə razılaşıb
Ukrayna Rusiya ilə 30 günlük atəşkəsə hazırdır. Birləşmiş Ştatlar müvafiq təşəbbüsü həyata keçirməyi təklif edib.
Bu barədə Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Ukrayna və ABŞ-ın birgə bəyanatında deyilir.
“Ukrayna ABŞ-ın dərhal 30 günlük müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib”, - bəyanatda vurğulanıb.
Qeyd edilir ki, Rusiya belə bir təklifi qəbul edərsə, tərəflərin razılığı ilə belə rejim davam etdirilə bilər.
Amerika rəsmiləri Rusiyaya öz tərəfində qarşılıqlılığın “sülhə nail olmağın açarı olduğunu” çatdırmağa söz verdilər.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna təhlükəsizlik zəmanəti ilə təmin olunarsa, atəşkəslə razılaşa bilər. Bunun üçün əlavə hərbi yardım da şərtdir. Öz növbəsində ABŞ prezidenti Donald Tramp hesab edir ki, təhlükəsizlik təminatı məsələsinə müharibə başa çatdıqdan sonra baxılmalıdır.
Zelenski ilə ABŞ prezidenti Donald Trampın Ağ Evdə mübahisəsindən sonra Ukraynanın məsələ ilə bağlı mövqeyi qismən dəyişib. O cümlədən, Ukrayna prezidenti Rusiya ilə havada və dənizdə atəşkəs təklif edib. Bu, mülki infrastruktura raket və dron hücumlarına son qoyulması deməkdir.
Əziz Mustafa, Oxuməni.az