
TikTok yeniyetmələrə gecə saatlarında video izləməyi qadağan edəcək
TikTok sosial şəbəkəsi valideynlərə yeniyetmələrin proqramdan istifadəsinə nəzarət etmək və daha sağlam onlayn vərdişləri təşviq etmək üçün hazırlanmış yeni alətlərin istifadəyə verildiyini elan edib. Bu barədə Kanadanın “iPhone in Canada” şirkəti məlumat yayıb.
Əsas yeni xüsusiyyətlər, gecə və ya məktəb saatları kimi günün müəyyən vaxtlarında valideynlərə TikTok-a girişi bloklamağa imkan verən “Yuxu saatı” (Sleep hours) və “Uzaqda Vaxt” (Time Away) funksiyalardan istifadə olacaq. Valideynlər bloklama cədvəlini təyin edə biləcəklər, yeniyetmələr isə öz növbəsində əlavə istifadə vaxtı tələb edə biləcəklər, lakin son qərar valideynlərdə qalacaq.
Bundan əlavə, valideynlər övladının kimi izlədiyini, kimin onu izlədiyini və hansı hesabların bloklandığını görə biləcəklər. Bu, valideynlərə övladlarının TikTok-da onlayn fəaliyyətinə daha çox şəffaflıq və nəzarət təmin edəcək.
16 yaşdan kiçik yeniyetmələr üçün TikTok (wind-down feature) yuxudan əvvəl sakitləşdirmə funksiyasını təqdim edir. Onlar tətbiqdən axşam saat 22-dən sonra istifadə etsələr, ekranda sakitləşdirici musiqi ilə tam ekran xatırlatma görünəcək. Yeniyetmə lenti sürüşdürməyə davam edərsə, ikinci, daha davamlı bir xəbərdarlıq görünəcək, buna məhəl qoymamaq daha çətin olacaq. Bundan əlavə, TikTok yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş meditasiya məşqlərini sınaqdan keçirir. Beləliklə, sonsuz video izləmək əvəzinə, istifadəçilər istirahət etmək üçün meditasiya etməyə təşviq ediləcəklər.
TikTok həmçinin istifadəçilərin yaşını yoxlamaq üsulunu təkmilləşdirməyə çalışır və bəzi köhnəlmiş funksiyaları silməyi planlaşdırır.
TikTok bildirib ki, dəyişikliklər yeniyetmələrə daha sağlam rəqəmsal vərdişlər inkişaf etdirməyə kömək etmək və valideynlərə uşaqlarının internetdə keçirdiyi vaxta daha çox nəzarət etmək imkanı verməkdir. Yeniləmələr gələn həftələrdə yayılacaq.
Almaz Həsənli