
ABŞ Kennedinin qətli ilə bağlı 80 min səhifənin məxfiliyini ləğv edəcək
ABŞ prezidenti Donald Tramp martın 18-də ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik materialın ictimaiyyətə açıqlanacağını bildirib. Bu barədə Oxuməni.az “TASS”a istinadla xəbər verir.
“Seçki kampaniyası zamanı demişdim ki, onları ictimailəşdirəcəyəm. Mən də öz sözümün adamıyam, ona görə də sabah Kennedi sənədlərini alacaqsınız”, – Tramp Vaşinqtonda Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinə səfəri zamanı jurnalistlərə deyib.
“Bu, çoxlu səhifələrdir. Təxminən 80 min səhifə”, - Tramp əlavə edib.
Yanvarın 23-də Tramp Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialların yayılması haqqında sərəncam imzalayıb.
Kennedi 1963-cü il noyabrın 22-də Texasa seçki kampaniyası səfəri zamanı Dallasda öldürüldü. Cinayəti araşdırmaq üçün yaradılmış rəsmi komissiya qətlin təkbaşına hərəkət edən Li Harvi Osvaldın işi olduğu və geniş yayılmış sui-qəsdin olmadığı qənaətinə gəlib. Komissiyanın qənaətinə görə, atəş Dallasın mərkəzi meydanında yerləşən məktəb dərslikləri anbarının altıncı mərtəbəsindən atılıb. Orada teleskopik nişanlı tüfəng və işlənmiş patronlar aşkar edilib.
Bu günə qədər ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasının məlumatına görə, Kennedinin qətlinə həsr olunmuş fondlardan təxminən 5 milyon səhifənin 99%-i məxfilikdən çıxarılıb.
Almaz Həsənli