
Ermənistan parlamenti Aİ-yə üzv olmaq niyyəti haqqında qanunu qəbul edib
Ermənistan Milli Assambleyası Aİ-dən rəsmi dəvətin olmamasına baxmayaraq, ölkənin Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
"64 deputat qanun layihəsinin qəbulunun lehinə, 7-si əleyhinə səs verib. "Qərar qəbul edilib", - agentlik parlamentin spikeri Alen Simonyana istinadən xəbər verir. Bildirilir ki, hakim "Mülki Müqavilə" partiyasının bütün deputatları layihənin qəbul edilməsinə səs verib, müxalifət siyasətçiləri isə bu təşəbbüsü "hüquqi baxımdan absurd" adlandırıblar.
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan izah edib ki, qanun layihəsinin qəbulu üzvlük üçün ərizə vermək demək deyil, ölkənin Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istəyini əks etdirir.
Almaz Həsənli