
İran İsrailin cənubundakı xəstəxananı vurub
İsraillə İran arasında müharibənin yeddinci günündə, iyunun 19-na keçən gecə İran İsrail ərazisinə yeni raket zərbələri endirib. Ballistik raketlərdən biri İsrailin cənubundakı Beer- Şevadakı “Soroka” xəstəxanasına düşüb.
“Jerusalem Post” xəbər verir ki, Beer-Şevadakı “Soroka” Tibb Mərkəzinin nümayəndəsi xəstəxanaya "əhəmiyyətli ziyan dəydiyini" və yaralıların olduğunu bildirib. Son məlumatlara görə, 32 nəfər xəsarət alıb. Daha əvvəl 25 nəfərin yaralandığı bildirilirdi. Bir nəfər ağır yaralanıb, vəziyyəti ağırdır.
“The Times of Israel” yazır ki, sosial şəbəkələrdə hadisə şahidlərinin çoxlu sayda fotoşəkilləri və videoları yayımlanıb ki, bu da raket zərbəsi nəticəsində xəstəxana binasının zədələndiyini göstərir.
Həmçinin İranın Təl-Əviv, Ramat Qan və Holona raket zərbələri endirdiyi barədə məlumatlar var. Holonda raket yaşayış binasına düşüb, bina qismən dağılıb. Bir nəfər ağır, daha 20 nəfər isə yüngül xəsarət alıb. Ramat Qanda da 20-yə yaxın insan yaralanıb.
Almaz Həsənli