Tramp Putinə Alyaskanın təbii sərvətlərinə çıxışı və Rusiya aviasiya sənayesinə qarşı sanksiyaların ləğvini təklif edəcək

Tramp Putinə Alyaskanın təbii sərvətlərinə çıxışı və Rusiya aviasiya sənayesinə qarşı sanksiyaların ləğvini təklif edəcək

16:00
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Ankoricdə (Alyaska) keçiriləcək sammitdə Rusiya üçün Vladimir Putinə bir neçə sərfəli təkliflə çıxış edəcək, The Telegraph məlumatlı mənbələrə istinadən yazır.

Bunlara Moskvanın Alyaskanın təbii sərvətlərinə çıxışının təmin edilməsi və ABŞ-ın Rusiya aviasiya sənayesinə qarşı sanksiyalarının ləğvi daxildir.

Güman edilir ki, Ukraynada atəşkəs razılaşmasını sürətləndirmək üçün ABŞ-ın Rusiya ilə münasibətlərdə edə biləcəyi kompromislərin siyahısını ABŞ-ın maliyyə naziri Skott Bessent Alyaskadakı görüşdən dərhal əvvəl ABŞ prezidenti üçün administrasiya rəsmilərinin brifinqində təqdim edəcək. Tramp Rusiya prezidentinə rus təyyarələrinə texniki xidmət göstərmək və Alyaskada qiymətli təbii sərvətlərə çıxış üçün lazım olan ehtiyat hissələri və avadanlıqların ixracına qoyulan qadağanın aradan qaldırılmasını təklif edə bilər.

“The Telegraph” ekspert hesablamalarına istinadən yazır ki, Alyaskada dünya neft ehtiyatlarının 13%-i də daxil olmaqla, aşkar edilməmiş əhəmiyyətli neft və qaz ehtiyatları var. Birləşmiş Ştatlar Putinə Ukraynadakı nadir torpaq minerallarına çıxışı da təklif edə bilər. Qəzet qeyd edir ki, Ukrayna dünya üzrə litium ehtiyatlarının 10%-nə malikdir, bunlardan akkumulyator istehsalında istifadə olunur və iki ən böyük litium yatağı Rusiyanın nəzarətində olan ərazilərdə yerləşir.

Nəşrin Böyük Britaniya hökumətindəki mənbələri bildiriblər ki, Rusiya üçün müzakirə olunan təşviqlər təşviq kimi qəbul edilməsə, Avropa üçün məqbul ola bilər. Ağ Evin sözçüsü nəşrə bildirib ki, prezident Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzərində işləyir, lakin administrasiya ilkin müzakirələri şərh etmir.

Yazda ABŞ və Ukrayna mineral ehtiyatlara dair uzun müddətdir müzakirə edilən saziş imzaladılar və bu sazişə əsasən, Vaşinqton Ukrayna ərazisində nadir torpaq metallarının işlənməsi üzrə yeni layihələrə imtiyazlı giriş əldə etdi. Bu sövdələşmə Ukraynanın bərpası üçün birgə investisiya fondunun yaradılmasını nəzərdə tutur və hər iki tərəfin planına görə, Kiyev üçün bir növ təhlükəsizlik zəmanəti olmalıdır. Yataqların bəziləri Rusiyanın zəbt etdiyi ərazilərdə yerləşir.

Əziz MUSTAFA