Kumtor yatağında 147 ton qızıl ehtiyatı var

Kumtor yatağında 147 ton qızıl ehtiyatı var

15:11
Bəyəndim (1) Bəyənmədim (0)


Qırğızıstan Prezidenti Sadır Japarov “Kumtor” yatağında yeraltı qızıl hasilatı layihəsinə başlandığını elan edib. Bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Kumtor Gold Company qızıl hasilatı müəssisəsinin işi ilə tanış olan Sadır Japarov deyib:

"Bu günə qədər 1600 metrə yaxın tunel artıq başa çatıb və biz tonunda qızılın tərkibi 5 qramdan çox olan qiymətli filizləri çıxarmağa hazırıq. Yeraltı layihənin istismar müddəti 17 ildir, 147 ton qızılın geoloji ehtiyatı isə dövlət balansına verilib".

Onun sözlərinə görə, yeraltı mədənlərin əsas üstünlüyü tullantı süxurlarının həddindən artıq həcmini məhdudlaşdırmaqdır. Açıq mədən üsulu ilə 1 ton filiz çıxarmaq üçün 60 tona qədər tullantı süxurunun çıxarılması lazım idi ki, bu da dünya standartlarından artıqdır.

“Kumtor”da yeraltı ilə yanaşı, açıq üsulla qızıl hasilatı da davam etdiriləcək. Lakin tədricən yeraltı mədənlərə üstünlük veriləcək",- deyə S.Japarov əlavə edib.

Dövlət başçısı məlumat verib ki, 2021-ci ilin may ayından bu günə kimi müəssisənin ümumi gəliri 3 milyard 445 milyon ABŞ dolları təşkil edib. Qırğızıstanın büdcəsinə 891,6 milyon dollar vergi və digər ödənişlər daxil olub. Bu müddət ərzində 54 tondan çox qızıl hasil edilib.

Bundan əlavə, prezident bildirib ki, 28 il ərzində “Kumtor”u xarici şirkət idarə etdiyi halda, Qırğızıstan cəmi 100 milyon dollar dividend alıb. "Son 3 il ərzində biz artıq 441 milyon dollar dividend almışıq. Diqqət yetirin və müqayisə edin: 28 il ərzində - 100 milyon, 3 il ərzində isə 441 milyon dollar dividend alırıq", - o şərh edib.

Prezident həmçinin bildirib ki, tərkibində 100 tondan çox qızıl olan tullantı anbarının emalına başlanılacaq. "Bundan başqa, "Toqolok" yatağı tamamilə "Kumtor"a verilib, orada artıq işlərə başlanılıb. Canqart sahəsində də geoloji kəşfiyyat işləri davam etdirilir", - o bildirib.

Əziz MUSTAFA