Reuters: Pakistan İran və ABŞ-a atəşkəs planı təqdim edib

Reuters: Pakistan İran və ABŞ-a atəşkəs planı təqdim edib

16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan sülh planını ABŞ və İrana təqdim edib. Təsdiqlənərsə, 6 apreldə qüvvəyə minəcək. Reuters mənbələrə istinadən xəbər verir.

Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik edən Pakistanın planı dərhal atəşkəsi tələb edir ki, bu da Hörmüz boğazından gəmiçilik tranzitinin bərpası deməkdir. Daha sonra tərəflərə daha geniş sülh müqaviləsi barədə razılığa gəlmək üçün 15-20 gün vaxt veriləcək. Sazişin imzalanması da daxil olmaqla, yekun danışıqlar İslamabadda keçiriləcək.

Reuters mənbəyi bildirib ki, yekun razılaşmaya İranın sanksiyaların aradan qaldırılması və dondurulmuş aktivlərin azad edilməsi müqabilində nüvə silahı hazırlamamaq öhdəliyi daxil ediləcəyi gözlənilir.

Agentliyin məlumatına görə, Pakistan ordusunun rəisi Asim Munir ABŞ vitse-prezidenti J.D. Vens, Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi ilə "bütün gecə" sülh planı ilə bağlı danışıqlar aparıb.

"Axios" qəzeti xəbər verir ki, ABŞ və İran bir qrup regional vasitəçinin iştirakı ilə müharibəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər. Nəşrin mənbələri hesab edir ki, növbəti 48 saat ərzində razılığa gəlmək şansları azdır, lakin bu, müharibənin ciddi şəkildə qızışmasının qarşısını almaq üçün son cəhddir. Mənbələrə görə, ABŞ və İsrail İranın enerji obyektlərinə kütləvi zərbələr endirmək üçün plan hazırlayıblar. Nəşrin məlumatına görə, buna cavab olaraq İran Fars körfəzi ölkələrindəki enerji obyektlərinə zərbə endirəcək.

Əziz MUSTAFA