İsveçrədə çirkli pulların yuyulmasında ittiham olunan Gülnarə Kərimovanın məhkəməsi başlayıb
Özbəkistanın mərhum keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın qiyabi məhkəməsi Bellinzonadakı İsveçrə Federal Cinayət Məhkəməsində başlayıb. Associated Press-in məlumatına görə, məhkəmənin 22 maya qədər davam etməsi gözlənilir.
53 yaşlı Gülnarə Kərimova öz ölkəsində həbs cəzası çəkdiyi üçün İsveçrə məhkəməsində iştirak edə bilmir. Vəkillərindən biri Qrequar Mangeat bildirib ki, o və həmkarları müvəkkilləri üçün "tam və qeyd-şərtsiz bəraət" tələb edəcəklər.
İsveçrə prokurorları 2023-cü ilin payızında Kərimovaya qarşı ittiham irəli sürüblər. Onun onlarla şəxs və çoxsaylı şirkətləri əhatə edən "Ofis" adlı cinayətkar qrup yaratdığı və rəhbərlik etdiyi iddia edilir. Özbəkistanın keçmiş prezidentinin qızı yüz milyonlarla dollarlıq "cinayətkar mənşəli" pulu İsveçrədə və digər ölkələrdə yerləşdirməkdə, eləcə də nağd pul, zərgərlik məmulatları və digər qanunsuz yolla əldə edilmiş qiymətli əşyaların saxlanmasını təşkil etməkdə ittiham olunur.
Müstəntiqlərin sözlərinə görə, Rusiya telekommunikasiya şirkətinin Özbəkistan filialının keçmiş baş direktoru "Ofis"in işində iştirak edib. Özbəkistan telekommunikasiya sənayesinə daxil olmaq istəyən xarici təşkilatlar iddia edilir ki, Kərimova ilə əlaqəli şirkətlərə rüşvət verməyə məcbur ediliblər. İttihamnaməyə görə, təşkilat 2005-ci ildən İsveçrədə fəaliyyət göstərir və Kərimovanın cinayətkar fəaliyyəti ən azı 2013-cü ilə qədər davam edib.
2024-cü ilin noyabr ayında İsveçrə prokurorları həmçinin İsveçrənin özəl bankı Lombard Odier-i və keçmiş işçisini "Ofisin" cinayətkar fəaliyyətindən əldə edilən gəlirləri gizlətməkdə həlledici rol oynamaqda" ittiham ediblər. Bank bildirib ki, prokurorlar Lombard Odier-in bilərəkdən və ya qəsdən çirkli pulların yuyulması ilə məşğul olduğunu iddia etmirlər, "əksinə, bu cür cinayətlərin qarşısının alınması tədbirlərində iddia edilən təşkilati çatışmazlıqlar barədə iddialar irəli sürürlər ki, bank bununla qəti şəkildə razılaşmır və məhkəmədə müdafiə edəcək".
Özbəkistanda Kərimova 2013-cü ildə iki cinayət işi ilə üzləşib - biri mənimsəmə, digəri isə vergidən yayınma. 2015-ci ildə o, birinci iş üzrə beş il şərti cəza alıb, 2017-ci ildə isə ikinci iş üzrə 10 il həbs cəzasına məhkum edilib. Bundan əlavə, 2020-ci ilin mart ayında Daşkənd Şəhər Məhkəməsi Gülnarə Kərimovanı sui-qəsd, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Keçmiş prezidentin qızı əvvəlcə cəzasını Daşkənd vilayətinin Zəngiata rayonundakı 21 saylı cəzaçəkmə müəssisəsində çəkib. 2025-ci ilin yanvar ayında onun eyni bölgədəki cəzaçəkmə müəssisəsinə köçürüldüyü açıqlanıb.
2022-ci ilin sentyabr ayında Özbəkistan Ədliyyə Nazirliyi Kərimova və onun cinayətkar qrupunun İsveçrədəki aktivlərinin 686 milyon dollar dəyərində qiymətləndirildiyini və Fransa, ABŞ, Latviya və digər ölkələrdə təxminən 1,4 milyard dollarlıq aktivlərə sahib olduqlarını bildirib. 2025-ci ilin fevral ayında İsveçrənin Özbəkistana 182 milyon dollar qaytaracağı açıqlandı. Bu pullar “fərdi Özbəkistan vətəndaşları tərəfindən qanunsuz olaraq əldə edilmiş və 2012-ci ildə İsveçrə Baş Prokurorluğu tərəfindən Gülnarə Kərimovaya qarşı cinayət işi çərçivəsində tamamilə müsadirə edilmişdir”.
Əziz MUSTAFA




















.jpg)



































.jpg)


























