Bu gün Azərbaycanda Neftçilər Günü qeyd olunur

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd olunur

20 Sentyabr 13:19
Bəyəndim (5) Bəyənmədim (0)


Azərbaycan Prezidentinin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-də ölkədə neft sənayesi işçilərinin peşə bayramı - Azərbaycan Neftçilər Günü qeyd edilir.
Bayramın tarixi mühüm tarixi hadisəyə həsr olunub. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” dərinsulu yataqlarının işlənməsi ilə bağlı “Hasilatın pay bölgüsü haqqında” müqavilə bağlandı. Müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmış və 400 səhifə və 4 dildə öz əksini tapmışdır.
“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının həcminə, həm də investisiyaların həcminə görə ən böyük sazişlər sırasına daxil edilib. Onun həyata keçirilməsindən sonra Azərbaycan iqtisadiyyatında dönüş yaranıb, əsaslı işlərə başlanılıb.
1999-cu ildə İstanbulda (Türkiyə) keçirilən ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri Bakı-Tbilisi-Ceyhan (BTC) “əsas neft ixrac boru kəməri”nin tikintisinə dair dövlətlərarası saziş imzaladılar.
2002-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə BTC-nin təməli qoyuldu və tikintisinə başlandı.
Bu neft kəməri nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan yaratdı, həm də İpək Yolunun və türkdilli dövlətlərin əsas magistral xəttinə çevrildi. Həmçinin neft kəmərinin istifadəyə verilməsi Azərbaycana Xəzər hövzəsinin ehtiyatlarını daha fəal şəkildə mənimsəməyə imkan verdi.
Bu gün Neftçilər Gününü təkcə neft və təbii qazın hasilatı və nəqli ilə məşğul olanlar qeyd etmir. Bu və ya digər şəkildə, son iki onillikdə milli iqtisadiyyatın demək olar ki, bütün sahələri neft sənayesi ilə bağlı olmuşdur. Bayram şərəfinə bu sənayenin bütün işçiləri həmkarlarından və dostlarından təbriklər alır, ölkənin neft sənayesində fərqlənən işçilər dövlət mükafatları və adları ilə təltif olunurlar.
Bizim saytın kollektivi bütün təbriklərə qoşularaq, şanlı neftçilərimizə ürəkdən uzun ömür, cansağlığı, xoşbəxtlik, böyük uğurlar və ən xoş arzular arzulayır.
Almaz Həsənli