Bakıda “ADEX 2024” beynəlxalq müdafiə sərgisi açılıb
Bu gün Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan “ADEX 2024” Beynəlxalq Müdafiə sərgisi açılıb. Sərgi sentyabrın 26-dək davam edəcək.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak edib.
Sərgidə müdafiə sənayesinin müxtəlif sektorları, o cümlədən pilotsuz sistemlər, döyüş maşınları, hərbi texnika, mühəndis sistemləri və s. nümayiş olunacaq.
Sərgidə ilk dəfədir ki, Müdafiə Nazirliyinin stendi nümayiş olunur. Stenddə xidmətdə olan müasir silah sistemləri, o cümlədən xüsusi təyinatlılar üçün avadanlıqlar nümayiş etdirilir. Eyni zamanda, Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları təqdim olunur.
Bu il sərgidə 38 ölkədən 270-ə yaxın şirkət iştirak edəcək. 27 ölkədən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin səfəri gözlənilir. Bundan əlavə, sərgilərdə 14 ölkə milli pavilyonlarla təmsil olunacaq: Azərbaycan, Rusiya, Belarus, Çin, Macarıstan, İsrail, Slovakiya, İtaliya, Türkiyə, Qətər, Pakistan, Serbiya, Ukrayna və Çexiya. Sərgidə 300-dən çox rəsmi nümayəndənin də iştirakı gözlənilir.
Almaz Həsənli