Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları üç gündə əhəmiyyətli dərəcədə azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları üç gündə əhəmiyyətli dərəcədə azalıb

26 Mart 15:55
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Mərkəzi Bankının türk lirəsini sabitləşdirmək üçün bazarlara etdiyi müdaxilə nəticəsində üç gündə valyuta ehtiyatları 27 milyard dollar azalıb.

Bu barədə “Ekonomim” biznes qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Habertürk” telekanalının verdiyi xəbərə görə, Mərkəzi Bank lirənin məzənnəsini dəstəkləmək üçün 26 milyard dollar satıb.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan xarici investorlarla görüşdə intervensiya zamanı 25 milyard dollar satıldığını bildirib. Xüsusilə, “Ekomomim”-in mənbələrə istinadən yazdığı kimi, tələbi nəzərə alaraq, Mərkəzi Bank martın 19-da 10 milyard, 20-də 3 milyard, martın 21-də isə 12 milyard dollar satıb.

Martın 19-da müxalifətçi İstanbul meri Əkrəm İmamoğlu korrupsiya və terroristlərlə əlaqədə ittiham edilərək həbs olunduqdan dərhal sonra milli valyuta dollara nisbətdə 11 faiz ucuzlaşaraq bir dolların məzənnəsi 42 lirəyə çatıb. İstanbul Birjasında ticarət bir neçə dəfə dayandırılıb və müdaxilə nəticəsində dolların məzənnəsi 38 lirəyə düşüb.

Türkiyə Mərkəzi Bankının rəhbərliyi martın 23-də yerli bankların rəhbərləri ilə fövqəladə iclas keçirərək maliyyə bazarlarında vəziyyətin sabitləşdirilməsi üzrə tədbirləri müzakirə edib.

Almaz Həsənli