İrəvan Aşqabadla türkmən qazının İran üzərindən alınması ilə bağlı danışıqlar aparır

İrəvan Aşqabadla türkmən qazının İran üzərindən alınması ilə bağlı danışıqlar aparır

27 Mart 12:13
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistan Türkmənistanla "Türkmənqaz" dövlət konsernindən İran vasitəsilə Ermənistana tədarük olunacaq təbii qazın alınması ilə bağlı danışıqlar aparır. Bu barədə Ermənistanın baş nazirinin müşaviri Artaşes Tumanyan məlumat verib. Onun sözlərini Ermənistan mətbuatı sitat gətirir.
“Ermənistan tərəfi “Türkmənqaz”dan təbii qazın alınması ilə bağlı saziş hazırlamaq arzusunu ifadə edib, bununla bağlı danışıqlar aparılıb, Ermənistan tərəfinin gözləntiləri təqdim olunub və layihənin bütün texniki xüsusiyyətləri müzakirə edilib. Proqramın mahiyyəti belədir: “Türkmənqaz”dan alış etmək, svop mübadilə sxeminə uyğun olaraq onun İran ərazisi vasitəsilə mübadiləsini təşkil etmək və İran-Ermənistan sərhədinə çatdırmaq,”-bu barədə Tumanyan Ermənistan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Aşqabadda keçirilən 10-cu iclasında bildirib.
O əlavə edib ki, İran layihənin əsas iştirakçılarından biri olduğundan, İslam Respublikası ilə də danışıqlar aparılıb və layihənin həyata keçirilməsinə razılıq verib. Müşavirin sözlərinə görə, “proqramda kəmiyyət göstəricisi də göstərilib: 600 milyondan 1 milyard kubmetrə qədər qazın alınması”. O, yanacağın qiymətlərinin razılaşdırılması istiqamətində işlərin hələ yekunlaşmadığını vurğulayıb.
Türkmənistan qazının Ermənistan üzərindən Gürcüstana tranzit imkanları da müzakirə olunur. Müşavirin sözlərinə görə, Tbilisi bu təklifə müsbət cavab verib. Layihə uğurla həyata keçirilərsə, Türkmənistan qazı Qara dəniz regionu ölkələrinin də istifadəsinə verilə bilər.
Erməni-türkmən dialoqunun ikinci istiqaməti elektrik enerjisinin Türkmənistandan tədarükü ilə bağlıdır.
Almaz Həsənli