
Türkiyə aprelin 8-dən limon ixracını dayandırıb
Dünyanın altıncı ən böyük limon ixracatçısı olan Türkiyə, əsasən sitrus meyvələrinin yığıldığı ərazilərdə daxili tələbatın tənzimlənməsi zərurəti və son şaxtalar səbəbindən aprelin 8-dən etibarən limon idxalını müvəqqəti olaraq dayandırır. Bu barədə “Ilkha” agentliyi Türkiyə Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Son vaxtlar ölkəmizin bir sıra rayonlarında havaların soyuq keçməsi və şaxtalı hava şəraiti ilə əlaqədar kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarına tələb və təklif balansının təmin edilməsi, o cümlədən daxili və beynəlxalq bazarlarda qiymət dinamikasının qorunub saxlanılması zərurəti ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla aprelin 8-dən limonun ixracının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib,”- mesajda deyilir.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, son vaxtlar Aralıq dənizi vilayətlərində Adana, Mersin və Hatayda şaxtalar baş verib.
Türkiyə 2024-cü ildə xaricə 357 milyon dollar dəyərində limon tədarük edib. Rusiya sitrus meyvələrinin ən çox tədarük edildiyi üç ölkədən biridir. Aralıq dənizi Hövzəsi Təzə Meyvə və Tərəvəz İxracatçıları İttifaqının rəhbəri Ferhat Gürüz əvvəllər bildirdiyi kimi, ötən il Rusiya Federasiyasına ümumilikdə 872 milyon dollar dəyərində tərəvəz və meyvə tədarük edilib.
Rəsmi məlumatlara görə, Türkiyə 2024-cü ildə 1,5 milyard dolları Aralıq dənizindən olmaqla 3,4 milyard dollarlıq təzə tərəvəz və meyvə ixrac edib. Limonla yanaşı, ən böyük ixrac həcmi naringi (476 milyon dollar) və pomidor (427 milyon dollar) olub.
Almaz Həsənli