Hindistan neft emalı zavodları ABŞ sanksiyalarından yayınaraq Rusiya neftini əldə etməyin yolunu tapıblar
Rusiyaya və onun neft nəhənglərinə qarşı yeni ABŞ və Avropa Birliyinin sanksiyaları hələlik Rusiya xam neftinin dəniz yolu ilə ixracına təsir etməyib. “Reuters” xəbər verir ki, Hindistan vasitəçilər vasitəsilə Rusiyadan neft almağa davam edə bilər.
“LSEG” və nəşrin mənbələrinə görə, hava şəraitinə və Qərbin sanksiyalarına baxmayaraq, oktyabr ayında Primorsk, Ust-Luqa və Novorossiysk qərb limanlarından ixrac gündə təxminən 2,33 milyon barel təşkil edəcək ki, bu da yenidən işlənmiş aylıq ixrac proqramına uyğundur.
Eyni zamanda, nəşr qeyd edir ki, ABŞ sanksiyaları 22 noyabrda qüvvəyə minəcək, çünki ABŞ “Rosneft” və “Lukoil” ilə müqavilələrə son qoymaq üçün 21 noyabr tarixini müəyyən edib, Hindistan və Türkiyənin isə məhdudiyyətlərə riayət etməsi gözlənilir. Lakin Baltik limanlarından yola düşən gəmilər 21 noyabrdan sonra Hindistan neft emalı zavodlarında lövbər salmalıdırlar, çünki oraya səyahət təxminən dörd həftə çəkir.
Treyderlərdən biri “Reuters”-ə bildirib ki, "Primorskda yüklənmiş hər şeyin 21 noyabrdan sonra Hindistana çatacağına zəmanət verilir".
Lakin nəşr qeyd edir ki, Hindistan neft emalı zavodları Rusiya neftinin alışı ilə bağlı hələ qərar verməyiblər. Rusiya neftinin əsas alıcısı olan Hindistan şirkəti “Reliance Industries” sanksiyaların neft tədarükü müqavilələrinə təsirini qiymətləndirdiyini bildirib.
“Reuters” mənbələri Rusiya neftinin satışının vasitəçilərə və ticarət şirkətlərinə ötürüləcəyini gözləyir ki, bu da satıcılar üçün xərcləri artıracaq, lakin alıcıları sanksiyalarla bağlı risklərdən qoruya bilər.
Almaz Həsənli
























































































