ChatGPT dünyanın ən çox ziyarət edilən 5 saytı arasına daxil olub
Generativ süni intellektə (Sİ) əsaslanan ChatGPT adlı çat bot, Google, YouTube, Facebook və Instagram-dan sonra dünyanın ən çox ziyarət edilən beşinci veb-saytı olub. Veb-analitika xidməti “Similarweb”-in məlumatına görə, bu statistika sentyabr 2025-ci il tarixinə aiddir.
Sentyabr ayında ChatGPT 6,3 milyard ziyarətçi cəlb edib ki, bu da generativ Sİ platformalarının ümumi trafikinin 76%-ni təşkil edir. Google-un Gemini platforması isə bir milyarddan bir qədər çox istifadəçi ilə ikinci yerdə qərarlaşaraq ümumi trafikin 12,57%-ni ələ keçirib. Çinə məxsus DeepSeek, X-in Grok-u və Perplexity axtarış sistemi kimi digər çat botlar isə istifadəçilərin yalnız kiçik bir hissəsini cəlb edib.
ChatGPT artıq Amazon, X və Reddit sosial şəbəkələri, WhatsApp messenceri və Wikipedia onlayn ensiklopediyası kimi bəzi böyük internet platformalarını ziyarətçi sayına görə qabaqlayıb.
Həmçinin qeyd olunur ki, çat botun auditoriyası son iki ildə əhəmiyyətli dərəcədə şaxələnib. Əgər 2023-cü ildə istifadəçilərin 61%-i 18-34 yaş qrupuna aid idisə, 2025-ci ildə onların payı 53%-ə düşüb, 45 yaşdan yuxarı şəxslər isə istifadəçilərin demək olar ki, 30%-ni təşkil edir.
Ekspertlər Avropada süni intellektin fəal tətbiqini qeyd edirlər: Almaniya kansleri Fridrix Merz qanunların yaradılması üçün Sİ-dən istifadə edir, Avropa İttifaqı ölkələrində isə siyasi və idarəetmə məsələlərinin həlli üçün süni intellekt alətlərindən istifadə olunur.
Almaz Həsənli

































.jpg)
.jpg)
.jpg)




















































