Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir

Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir

Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qazaxıstan fəal şəkildə nəqliyyat və logistika sahəsinə sərmayə yatıraraq, irihəcmi infrastruktur layihələri həyata keçirərək tranzit imkanlarını artırmağa çalışır. Qazaxıstan parlamenti 2024-cü ildə Orta Dəhlizin inkişaf etdirilməsi haqqında Çin ilə imzalanan sazişi təsdiqləyərək (ratifikasiya) qanun qəbul edib. Bu sənədə görə, hər iki dövlət 2040-cı ilə kimi Orta Dəhlizlə daşınan konteynerlərin sayını 500 minə çatdırmağı qarşıya məqsəd qoyub.

Oxuməni.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanda fəaliyyət göstərən Çin tədqiqatçıları assosiasiyasının sədri, politoloq Kazbek Maygeldinov deyib. O bildirib ki, hazırda Çin ticarət yollarını şaxələndirir və Avropa ilə ticarət əlaqələrini yalnız bir yolla deyil, bir neçə yolla davam etdirmək istəyir.

“Çinin bu istəyində Qazaxıstan əsas yerdə durur. Buna görə də Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu inkişaf etdirərək müxtəlif infrastruktur layihələri həyata keçirir, mövcud olanları modernləşdirir. Xəzər sahilindəki limanlarla yanaşı, Çin ilə sərhəddəki “Dostık”, “Alınkol-Alaşamkoy” gömrük-keçid məntəqəsində də logistika mərkəzi yaradılıb. Həmçinin Çinin Sian vilayətində terminal istifadəyə verilib. Qazaxıstan ilə Azərbaycan arasında nəqliyyat və tranzit sahəsində yüksələn xətlə inkişaf edən əlaqələr var. Orta Dəhliz hər iki dövlətin iqtisadi, siyasi, ticarət əlaqələrinin artmasına, Şərq ilə Qərb arasında əlaqələndirici rol oynamasına geniş imkan yaradır. Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik olan dövlətlərdir. Orta Dəhlizin inkişafında da bu iki dövlətin rolu və fəaliyyəti böyükdür”, - deyə politoloq əlavə edib.

Oxuməni.az