Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya neftini tədarük etməsini xahiş edib

Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya neftini tədarük etməsini xahiş edib

Bəyəndim (1) Bəyənmədim (0)


Rusiya neftinin Ukrayna vasitəsilə "Drujba" neft kəməri ilə tədarükünün dayandırılmasından sonra Macarıstan və Slovakiya Xorvatiyadan Adriatik boru kəməri (JANAF) vasitəsilə Rusiya xammalının tədarükünü təşkil etməsini xahiş edib.
Oxuməni.az xəbər verir ki, bu barədə fevralın 16-da Macarıstanın xarici işlər naziri Peter Siyarto X sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, Zaqreb bu xahişi sanksiya istisnası ilə yerinə yetirə bilər, bu da "boru kəməri tədarükündə fasilə yaranarsa, Rusiya neftinin dəniz yolu ilə idxalı imkanını nəzərdə tutur".
Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar ölkələrə kömək etməyə hazır olduğunu bildirib. "Xorvatiya Mərkəzi Avropaya yanacaq tədarükünün təhlükə altında qalmasına imkan verməyəcək. Biz Aİ qanunvericiliyi və OFAC qaydaları çərçivəsində kəskin fasilə problemini həll etməyə hazırıq. Heç kim yanacaqsız qalmamalıdır", - o, X sosial şəbəkəsində yazıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiga "Drujba" neft kəməri ilə tədarükün yanvarın 27-dən dayandırılmasını Macarıstanın Rusiya tərəfindən Ukrayna ərazisindəki boru kəməri hissəsinə endirilən zərbə faktını gizlətməsi ilə izah edib. Buna cavab olaraq Budapeşt Ukrayna tərəfinin guya boru kəmərinin bu hissəsində elektrik təchizatını kəsdiyini bildirib. Slovakiyanın baş naziri Robert Fitso fevralın 15-də Ukraynanı ixracın bərpasını qəsdən ləngitməkdə ittiham edib.
Reuters agentliyinin yazdığına görə, Macarıstanın MOL enerji şirkəti artıq Budapeştdəki hökumətə strateji neft ehtiyatlarından istifadə etməyə icazə vermək xahişi ilə müraciət edib. Şirkətdən bildirilib ki, əgər şərqdən tədarük yaxın günlərdə bərpa olunmazsa, ilk mərhələdə təxminən 250 min ton xam neftin sərbəst buraxılması tələb olunacaq.
ExPro analitik şirkətinin məlumatına görə, 2025-ci ildə Ukrayna "Drujba" neft kəmərinin cənub qolu ilə təxminən 9,73 milyon ton Rusiya nefti nəql edib.
Almaz Həsənli