ABŞ "Lukoyl"un xarici aktivlərinin satışını ləngitdi

ABŞ "Lukoyl"un xarici aktivlərinin satışını ləngitdi

Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ hakimiyyəti sanksiyalar altında olan Rusiyanın "Lukoyl" şirkətinin beynəlxalq aktivlərinin satışını ləngitib. Məqsəd, Ukrayna ilə müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda Rusiyaya təzyiq etmək üçün bu aktivlərdən istifadə etməkdir. Oxuməni.az-ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.
ABŞ oktyabr ayında "Rosneft" və "Lukoyl"a, eləcə də onların strukturlarına qarşı sanksiyalar tətbiq edib. Bundan sonra "Lukoyl" xarici aktivlərinə alıcı axtarmağa başlayıb. Onların dəyəri 22 milyard dollar qiymətləndirilir. O vaxtdan bəri Vaşinqton şirkətin aktivləri satması üçün müddəti üç dəfə uzadıb ki, sanksiyalar onlara qarşı qüvvəyə minməsin.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) fevralın 26-da "Lukoyl"un xarici aktivlərinin satışı ilə bağlı əməliyyatların müddətini yenidən aprelin 1-dək uzadıb.
ABŞ rəsmisi agentliyə bildirib ki, Maliyyə Nazirliyi müddəti uzadıb ki, "ABŞ prezidenti Donald Trampın Rusiyanın müharibəni davam etdirməsinə imkan verən gəlirləri azaltmaq səylərini dəstəkləyən bir razılaşmaya nail olmağa" kömək etsin.
“Reuters” qeyd edir ki, istənilən əməliyyat satışdan əldə olunan vəsaitin ABŞ-ın nəzarətində olan bir hesabda dondurulmasını nəzərdə tutur.
Son həftələrdə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrə, Abu-Dabi və Mayamidə keçirilən sülh danışıqlarında heç bir irəliləyiş əldə etməyiblər. “Reuters”-in həmsöhbətlərinin sözlərinə görə, görüşlər zamanı ABŞ-ın Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı sanksiyaları məsələləri də qaldırılıb.
Agentliyin vəziyyətlə tanış olan başqa bir mənbəsinin sözlərinə görə, sülh müqaviləsindən asılı olmayaraq, əməliyyat hələ də bağlana bilər.
Almaz Həsənli