Gizli tədqiqatın şok nəticəsi - Marsda həyatın nə vaxt olduğu üzə çıxdı

Gizli tədqiqatın şok nəticəsi - Marsda həyatın nə vaxt olduğu üzə çıxdı

4 Fevral 2022 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Marsda həyat axtarışlarının artdığı bir vaxtda elm adamlarının imza atdıqları kəşf dünya gündəminə damğasını vurub. 2013-cü ildə Sahara səhrasına düşən meteoritlə bağlı araşdırmalarını bitirən elm adamları bu göy cisminin 3.9 milyard il əvvəl Marsda həyatın olduğuna dair dəlillər ortaya qoyduğunu deyiblər.

Oxuməni.az xəbər verir ki, NWA 7034 adlanan meteorit 2013-cü ildə Sahara səhrasında tapılıb.

2.1 milyard il əvvəl hərəkətə keçdiyi müəyyən edilən meteorit parlaq qara quruluşuna görə “Qara gözəl” adını alıb. Elm adamları bu meteoriti kəşf edildiyi gündən tədqiq edirlər.

Avstraliyanın Kertin Universitetinin əməkdaşı Morqan Koksun rəhbərlik etdiyi tədqiqatçılar meteoritdə 66 sirkon zərrəciyini incələyiblər. Sirkon elm dünyasında “zaman maşını” adlandırılır, çünki o planetin yaranmasına dair dəlilləri özündə gizlədir. Tədqiq olunan nümunələr arasında təxminən 4.45 milyard il əvvəl əmələ gəldiyi təsbit edilən sirkon zərrəciyi Marsın tarixinə unikal pəncərə açıb.

Sözügedən nümunədə ən azı 20-30 giqapaskal təzyiq altında yarana bilən izlər aşkar olunub. “Şok mikrostrukturları” adlandırılan izlər yalnız böyük təsirlər zamanı süxurlarda əmələ gələ bilir. Belə izlər əvvəllər Yer və Ayda kristal suxurlarda görülmüşdü, amma Mars nümunələrində heç vaxt tapılmamışdı. Bu izlərə əvvəllər rast gəlinmədiyi üçün elm adamları keçmiş araşdırmalara əsaslanaraq Marsda həyat üçün əlverişli şəraitin təxminən 4 milyard il əvvəl mövcud olduğunu düşünmüşdülər.

“Science Advances” elmi jurnalında dərc edilən yeni tapıntılar göstərir ki, Mars bu müddət ərzində meteoritlərin toqquşması üçün aktiv planet olub. Tapıntılar o deməkdir ki, Marsda həyat axtaran elm adamları qırmızı planetin zaman qrafikini yenidən hazırlamalıdırlar.

Tədqiqatın həmmüəllifi Aron Kevosi Marsda həyat üçün əlverişli şərtlərin ehtimal olunandan daha gec əmələ gəldiyini söyləyib. Kevosiyə görə, bu şərtlər yalnız 3.7-3.9 milyard il əvvəl yaranmış ola bilər.