Əvəzedici dərmanlar xəstələri bezdirib

Əvəzedici dərmanlar xəstələri bezdirib

29 Noyabr 2022 16:17
Bəyəndim (15) Bəyənmədim (0)

“Bizdə bu dərmanın əvəzedicisi var” və yaxud “Bu dərmanın tərkibinə oxşar olan başqası var” yəqin ki, belə məqamlarla bir çoxunuz apteklərdə qarşılaşıb.

Xəstələr ilk öncə həkimə müraciət edəndə, müalicə məqsədilə onalara resept yazılır. Sonra həmin reseptdə yazılan dərmanları bəzən axtarıb tapmaq həqiqətən də müşkülə çevrilir. Xəstələr çox vaxt sərf edib aptekləri dolaşarkən “Bizdə eyni bu dərman yox, amma başqa əvəzedici var” kimi təkliflərlə qarşılaşırlar. Görəsən niyə belə olur? Bu suala cavab tapmaq üçün başladım şəhərdəki dərman depoları ilə əlaqə saxlamağa. Bir neçə depodan mənə bildirdilər ki, əslində həkimlərin reseptlərdə yazdığı dərmanlar əvvəl bazada olur, sonradan bizə məlum olmayan səbəblərdən dərman istehsal edən şirkətlər molekulu saxlamaq şərti ilə dərmanların adını dəyişirlər. Nə üçün belə edirlər sualına isə təbii ki, cavab verə bilmədilər.

Araşdırmamı davam etdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladım. Nazirlikdən mənə bildirdilər ki, əslində ölkəyə idxal olunan bütün növ yeni dərmanların adları mütamadi olaraq Səhiyyə Nazirliyinin rəsmi internet portalında qeyd olunur. Sadəcə olaraq həkimlər vaxt ayırıb, zaman-zaman bu siyahı ilə tanış olmalıdırlar. Bir də ki, əvəzedici adı ilə təklif edilən dərmanların eyni tərkibə malik olduğunu nəzərə alsaq, bu elə də ciddi problem sayılmır deyə bildirdilər. Araşdırmama davam etmək üçün bu sahə ilə bağlı qanunları nəzərdən keçirdim. Əslində həkim resept yazarkən, mövcud qanunvericiliyə əsasən, dərmanın molekula adını mütləq qeyd etməlidir. Bəzi mütəxəssislərlə əlaqə saxladım və onlar, eyni molekula quruluşuna malik müxtəlif adda istehsal olunan dərmanların təsir mexanizmində heç bir fərq yoxdur, yalnız dərmanın adında, istehsal olunan ölkədə və qiymətdə fərq ola bilər, deyə mənə bildirdilər.

Nəsə, gəlin nəzərə alaq ki, elə xəstələr var, həkimin reseptdə ona yazdığı dərmanı tapmaq üçün bütün aptekləri gəzirlər. Axı onlar xəstədirlər. Sonda mən bir jurnalist kimi bu problemdən çıxış yolunu təklif edirəm. Bildiyimiz kimi, ölkəyə idxal olunan və ölkəmizdə istehsal olunan bütün dərmanların süni qiymət artımının qarşısını almaq üçün elektron sistem mövcuddur. Həkimlərimiz də Səhiyyə Nazirliyinin elekton sisteminə öz şifrələri ilə daxil ola bilirlər. Yaxşı olardı ki, bu sistemlər arasında qarşılıqlı əlaqə olsun və xəstələrə resept yazmazdan qabaq həkimlər kompüter, planşet, telefon və digər müxtəlif texniki quğular vasitəsi ilə hal-hazırda həmin dərmanların ölkədə mövcud olması və istənilən baş vermiş dəyişiklik barədə dərhal informasiya ala bilsinlər. Onda həkimlərimiz zaman ayırıb mövcud dərmanlarla tanış olmaq əvəzinə, xəstələrin müalicəsinə daha çox vaxt ayırarlar. Başqa halda çıxış yolu odur ki, ya əvəzedici dərman almalısınız, ya da xəstələnməməlisiniz.

Murad Şahməmmədov