Şaxta babanın hekayəsi

Şaxta babanın hekayəsi

9 Dekabr 2022 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Şaxta baba - Həyatını xeyriyyəçilik və hədiyyə verməyə həsr etmiş bir adam demək olar?

Dünyada milyonlarla uşaq hər il yeni il gecəsi səbirsizliklə Şaxta babanın gəlişini gözləyirlər. Ağ saqqallı, qırmızı paltolu və uzun çəkmələri olan bu adam öz maral qoşulmuş xizəyi ilə dünyanı gəzir, uşaqlara hədiyyələr paylayır. Bütün valideynlər əsl Şaxta babanın hekayəsini uşaqlarına həqiqət kimi anlatmağa çalışırlar. Əslində bu haqda müxtəlif mənbələrdə fərqli hekayələr formalaşıb. Bəziləri öz hekayələrində əsl Şaxta babanın üç yoxsul qıza cehiz hədiyyə etməsindən sonra məhşurlaşdığını deyirlər. Bu hekayədə qızların evində cehiz dolu qızıl çantaların peyda olunmasından bəhs edilir və bildirilir ki, həmin çantaları açıq pəncərədən içəri atıblar. Əfsanəyə görə insanlar yeni ili qarşılamaq məqsədi ilə böyük tonqal qalayıb, iri şam ağacını bəzəyib, ətrafına yığışardılar. Tonqal o qədər böyük olardı ki, səhərə qədər onun közünün istisi ətrafı qovurardı. Bəziləri də islanmış corablarını axşamdan tonqal ətrafından asardılar ki, qalıb qurusun. Deyilənlərə görə səhər corabları götürəndə, görərdilər ki, içində hədiyyələr var. İnsanlar da belə məqamları əsas gətirərək, şaxta babanın yeni il gecəsi hər yeri dolaşması barədə uşaqlarına zaman-zaman hekayələr danışardılar. Bu hekayələr cilalana-cilalana, bu günümüzə qədər gəlib çıxıb. Hər il nəinki uşaqlar, hətta böyüklər də Şaxta babanın yolunu səbirsizliklə gözləyirlər. Sizcə, müasir Şaxta babanın həyatını xeyriyyəçilik və hədiyyə verməyə həsr etmiş bir adam kimi hesab etmək olar?

Murad Şahməmmədov