Ekzoplanetdə tapılan karbon qazı və metan

Ekzoplanetdə tapılan karbon qazı və metan

13 Sentyabr 2023 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

«James Webb» kosmik teleskopu «K2-18b» adlı ekzoplanetdə karbon qazı və metan olduğunu aşkar edib və bunun yaşayış üçün yararlı olduğu düşünülür. Bu kəşf planetin nəhəng okeanlara ev sahibliyi edə biləcəyi ehtimalını bir daha yada salıb.

2022-ci ilin yanvar ayından etibarən Yer orbitində olan və o vaxtdan bəri kosmosun dərinlikləri haqqında təəccüblü məlumatlar verən «James Webb» kosmos teleskopu, gündəmə bomba kimi düşəcək bir kəşf edib. Teleskop ilk dəfə 2015-ci ildə kəşf edilən «K2-18b» adlı ekzoplanet haqqında tamamilə yeni təsbitlər etməyi bacarıb və kosmos alimlərinin «K2-18b» haqqında mühüm nəticələrə gəlməsinə şərait yaradıb.

Təxminən 120 işıq ili uzaqlıqda yerləşən «K2-18b» çoxdan yaşayış üçün əlverişli planet kimi təsvir edilirdi. «James Webb» kosmik teleskopunun apardığı son araşdırma bu planetin atmosferində karbon tərkibli metan qazı və karbon dioksid molekullarının olduğunu üzə çıxarıb. Mütəxəssislər bildirirlər ki, son kəşf «K2-18b» atmosferi altında nəhəng okean ola biləcəyi fikrini dəstəkləyir. Əgər bu həqiqətən də belədirsə, «K2-18b» də Yer kimi böyük okeanlarla örtülmüş bir planet kimi tanınmağa başlayacaq. Metan və karbon dioksid «K2-18b» ilə bağlı «James Webb» kosmik teleskopunun yeganə kəşfləri deyil. Teleskop müəyyən edib ki, ekzoplanetdə «dimetil sulfid» komponenti ola bilər. Lakin hazırda bunu təsdiqləmək mümkün deyil. Araşdırmalar nəticəsində «dimetil sulfid» aşkar edilərsə, bu dəfə «K2-18b» ilə bağlı tamamilə yeni bir inkişaf olacaq.

Murad Şahməmməd