Kişilər 4 arvad ala bilərmi? — İslam nə deyir?
İslamda kişilərin dörd qadınla evlənməsi məsələsi tez-tez müzakirə olunur. Bəs bu məsələ dinin açıq hökmüdür, yoxsa müəyyən şərtlərlə məhdudlaşdırılan bir icazə? İslam bu barədə nə deyir?
Oxuməni.az xəbər verir ki, Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib:
“Bu videoda iddia olunur ki, guya Nisa surəsinin 3-cü ayəsindəki “iki, üç, dörd” ifadəsi qadın sayının dörd yox, çox olması ilə bağlıdır. Bu yanaşma həm ərəb dili baxımından, həm də İslam elminin formalaşmış təfsir ənənəsi baxımından düzgün deyil.
Qurani-Kərim Nisa surəsinin 3-cü ayəsində belə buyurur:
“Əgər yetim qızlara qarşı ədalətsizlik edəcəyinizdən qorxsanız, sizin üçün halal olan qadınlardan iki, üç və dörd olmaqla evlənin. Əgər ədalət edə bilməyəcəyinizdən qorxsanız, onda bir qadınla kifayətlənin…”
Ayədə işlədilən “iki, üç, dörd” sözləri ərəb dilində say ədədləridir və qrammatik olaraq yalnız qadın sözünə bağlıdır. Ərəb dilinin klassik qaydalarına görə bu ifadənin “gün”, “dəfə”, “növbə” və ya başqa bir anlayış kimi izah edilməsi mümkün deyil. Quranın nazil olduğu dövrün dili ilə tanış olan hər bir alim bu ifadəni məhz qadın sayı kimi başa düşmüşdür. Digər məna vermək kökündən yanlışdır.
Buna görə də klassik təfsirlərin hamısında bu ayə bir kişinin dörd qadına qədər evlənməsinə icazə verilməsi kimi izah olunmuşdur. Tabəri, İbn Kəsir, Qurtubi, Razi, Beyzavi və digər müfəssirlər arasında bu mövzuda ixtilaf yoxdur. Fikir ayrılığı icazənin olub-olmamasında yox, şərtlərinin ağırlığında olmuşdur. Çünki ayənin davamında çox mühüm bir qeyd var: “Əgər ədalət edə bilməyəcəyinizdən qorxsanız, bir qadınla kifayətlənin”. Bu cümlə göstərir ki, çoxarvadlılıq əsas qayda deyil, ciddi şərtə bağlı olan bir icazədir.
Buradakı “ədalət” anlayışı yalnız mənəvi münasibət deyil. Maddi təminat, yaşayış şəraiti, geyim, vaxt bölgüsü, hüquqların qorunması və psixoloji məsuliyyət də bu anlayışa daxildir. Quranda başqa bir ayədə isə bildirilir ki, insanlar tam ədaləti təmin etməyə qadir deyillər. Bu isə onu göstərir ki, Quran çoxarvadlılığı təşviq etmir, əksinə, onun praktik olaraq nə qədər çətin olduğunu xatırladır.
Ayənin nazil olduğu tarixi şərait də diqqətə alınmalıdır. Bu hökm müharibələrdən sonra çoxlu sayda dul qadın və yetim uşaqların qaldığı bir dövrdə nazil olmuşdur. Məqsəd kişi ehtirasını qanuniləşdirmək yox, sosial məsuliyyəti hüquqi çərçivəyə salmaq idi. Qadının və uşağın himayəsiz qalmaması, cəmiyyətin dağılmaması əsas hədəf idi. Yəni bu ayənin mahiyyətində şəhvət yox, sosial yük dayanır.
Müasir baxış bu ayəni ləğv etmir, amma onun tətbiq sahəsini daha da daraldır. Bu gün qadının iqtisadi və hüquqi müstəqilliyi, ailə institutunun psixoloji tərəfləri və uşaqların rifahı nəzərə alındıqda, çoxarvadlılıq praktik olaraq ciddi problemlər yaradır. Buna görə də müasir İslam hüquqşünaslarının bir qismi bu ayəni “zərurət icazəsi” kimi qiymətləndirir, yəni normal vəziyyət üçün deyil, istisna hallar üçün nəzərdə tutulmuş hüquqi çıxış yolu kimi izah edir.
Deməli, “iki, üç, dörd” ifadəsini qadın sayından çıxarıb başqa məna vermək nə dil baxımından, nə təfsir baxımından, nə də tarixi kontekst baxımından əsaslıdır. Bu cür yozumlar ya ərəb dilini bilməməkdən, ya da Quranı müasir zövqlərə uyğunlaşdırmaq üçün mətnin mənasını dəyişmək cəhdindən doğur. Halbuki düzgün yol mətni dəyişmək yox, onu bütöv oxumaqdır.
Quranın mövqeyi aydındır: bir kişiyə dörd qadına qədər evlənməyə icazə var, lakin bu, ağır şərtə bağlıdır. Ədalət yoxdursa, bir qadınla kifayətlənmək əmr olunur. Bu, nə çoxarvadlılığın təbliğidir, nə də onun mütləq norma kimi təqdim olunmasıdır. Bu, məsuliyyətin hüquqa çevrilmiş formasıdır.
Bu ayəni ya tam inkar etmək, ya da onu şəhvət alətinə çevirmək eyni dərəcədə yanlışdır. Doğru mövqe budur: Quran insan fitrətini tanıyır, amma onu sərhədsiz buraxmır. İcazə verir, amma şərt qoyur. Yol açır, amma məsuliyyət yükləyir. Mövzu budur və burada nə gizli məna var, nə də təhrifə ehtiyac var”
Oxuməni.az


































.jpg)




























.jpg)
.jpg)
.jpg)
























.jpg)

