Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımadan, Minsk qrupunun vasitəçiliyinin mənası yoxdur

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımadan, Minsk qrupunun vasitəçiliyinin mənası yoxdur

14 Oktyabr 2021 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

“İranın Azərbaycan və bu regionla bağlı diplomatiyası ziddiyyətli məqamlarla doludur. İranın siyasi elitasında radikal qüvvələr də var, mülayim siyasətin nümayəndələri də. Buna baxmayaraq, İranın xarici işlər naziri Azərbaycana qarşı ziddiyyətli bəyanatlar verir. İran başa düşür ki, Azərbaycan kifayət qədər güclü dövlətdir. İran Azərbaycanın müstəqil xarici siyasət yürütməsini və müstəqil addımlar atmasını qəbul etmək istəməsə də, gec-tez bununla razılaşmalıdır. Bunu Tehran da anlayır”.

Oxuməni.az sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş baş tutdu. Sizcə, bu görüşdə nələr müzakirə oluna və razılaşdırıla bilərdi, ümumilikdə, bu görüşün bölgədəki proseslərə təsirləri olacaqmı?

- Bir görüşlə bölgəyə güclü təsir ola bilməz. Amma görüş göstərdi ki, vaxtilə Paşinyanın dili ilə Qarabağ, Avropa Birliyi və NATO ilə bağlı gurultulu bəyanatlar verən Ermənistanın xəyalları puça çıxıb. Başa düşdülər ki, onların əsas ağası, sponsoru və ona sahiblik edən müttəfiqi Rusiyadır. Mənə elə gəlir ki, Paşinyan bunu axır vaxtlar, xüsusən də Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra daha dəqiq dərk etdi.

Təbii ki, bu görüşdə bir sıra məsələlər müzakirə olunub: ikitərəfli münasibətlər, regiondakı vəziyyət və s. Eyni zamanda, Putin istəyir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamələrin müddəaları yerinə yetirilsin. Xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı olan bəndlər. Bu, Rusiyanın da maraqlarına cavab verən addım olardı. Düşünürəm ki, bu istiqamətdə danışıqlar gedibsə, bu, bizim xeyrimizədir. Eyni zamanda, şübhə etmirəm ki, ikitərəfli münasibətlərin inkişafı məsələsi də müzakirədən kənarda qalmayıb. Onu da unutmamalıyıq ki, Rusiya hazırda Ermənistanın əsas hərbi-siyasi müttəfiqidir.

- Erməni mətbuatına görə, görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Altılıq” təklifi də müzakirə olunub. Putinin artıq bunu qəbul etdiyi və bunun Paşinyanın diqqətinə çatdırdığı iddia edilib. Bu yöndə nə kimi müsbət gəlişmələr ola bilər?

- Əslində, Paşinyan “Altılıq” formatına etiraz etmir. Düzdür, müəyyən şərtləri irəli sürür, öz mövqeyini sərgiləyir, amma “Altılıq” platformasının qurulmasına dəstək vermək Paşinyan və Ermənistan üçün məcburi xarakter daşıyacaq. Ermənistan buna könüllü razı ola bilməz. Çünki ortada Azərbaycanın mövqeyi var. Azərbaycan müharibədə qələbə qazanan dövlət kimi bu platformada olacaq. Paşinyan başa düşür ki, ona orada müəyyən təzyiqlər edilə bilər. Buna görə axırıncı açıqlamasında dedi ki, “Biz bu platformanın məqsəd və xüsusiyyətlərinin nədən ibarət olduğunu bilmirik.”

Amma mənə elə gəlir ki, o yaxşı dərk edir, burada heç bir sirr yoxdur. Bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyinin bərqərar olmasına yönəlmiş bir platformadır. Sadəcə olaraq, Ermənistan Türkiyənin orada olmasından çox narahatdır. Çünki o başa düşür ki, Ermənistan daxilindəki müəyyən siyasi qüvvələr bu amildən ona qarşı istifadə edəcəklər. Amma düşünürəm ki, Paşinyan bunu qəbul etməyə məcbur olacaq. Heç başqa çıxış yolu da yoxdur.

- Fransanın Ermənistandakı səfiri Ann Luyo bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşündən sonra dəyişiklik olub, ATƏT-in Minsk qrupu Qarabağla bağlı uzunmüddətli anlaşmanın üzərində işləyir. Onun bu açıqlamasını necə başa düşək?

- Başa düşmək olmur ki, onlar nə üzərində işləyirlər, nəyə nail olmaq istəyirlər. Onlar regionda sülh istəyirlərsə, ortada iki sənəd var: 10 noyabr və 11 yanvar bəyanatları – bunların yerinə yetirilməsinə vasitəçilik etsinlər. Üstəgəl, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir, nəhayət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanmalıdır. Bu məsələlər həll edilməlidir. Buna görə də Minsk qrupunun gurultulu bəyanatlarının və hansısa danışıqların aparılmasına vasitəçilik etməsinin heç bir mənası yoxdur.

Ortada həll edilməli olan konkret məsələlər var və bunlarla bağlı bizim mövqeyimiz aydındır. Bunu Fransa da bilir. Əgər onlar istəyirlərsə ki, təşəbbüsləri sayəsində bölgədə sülh yaransın, bu məsələlərə aydınlığın gətirilməsinə vasitəçilik etsinlər. Bu məsələlər həll olunmalıdır, başqa problem yoxdur. “Yeni Amerika” kəşf etməsinlər.

Fransa 30 ildir bizə qarşı oyun oynayırdı, indi də barışıq haqda danışır. Əgər barışıqdan danışırsa, bunun həlli üçün platforma var. Buna lazım olan addımlar da bu platforma çərçivəsində atılsın və məsələlər həll olunsun.

- Hindistan xarici işlər nazirinin Ermənistana səfəri də diqqət çəkir. Ermənistan tarixində ilk dəfə olaraq, Hindistan xarici işlər naziri İrəvana gəlir. Bu səfər nəyə xidmət edir: Hindistan geosiyasi oyunçu kimi bölgəyə daxil olmaq istəyirmi?

- Hindistan indi Ermənistanla yaxın və sıx əlaqələr qurmaq istəyir. Çünki Pakistan artıq bölgədəki mövqeyini gücləndirib. Pakistan bütün sahələrdə Azərbaycanı dəstəkləyir. 44 günlük müharibə göstərdi ki, bizim yanımızda Türkiyə ilə yanaşı, Pakistan da var. Pakistanın regiondakı rolu getdikcə güclənir. Pakistan yeganə dövlətlərdən biridir ki, indiyədək Ermənistanı dövlət kimi tanımır və onunla diplomatik əlaqələr qurmayıb. İndi də Hindistan Pakistanın bu rolunu görüb Ermənistan vasitəsilə bölgəyə daxil olmaq istəyir. Ermənistanla yaxınlığı da bununla bağlıdır.

- Bəs buna imkan varmı?

- Düşünmürəm ki, Hindistanın belə asanlıqla bölgədə özünə yer etməsi mümkün olsun. Çünki burada Türkiyə, Azərbaycan və Rusiya var, Pakistanın özü də bizim yanımızdadır. Yəni Hindistan asanlıqla regiona daxil ola bilməz. Amma Ermənistanla münasibətlər daha da yaxınlaşa bilər. Nazirin səfərinin də bununla bağlı olduğunu düşünürəm.

- Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı oldu. Görüşdən sonra və bundan əvvəl iranlı nazirin Bakıya gələcəyi bildirildi. Hesab etmək olarmı ki, 44 günlük müharibədən sonra Azərbaycana qarşı aqressiv mövqe tutan İran geri addım atmağa başlayır?

- İranın Azərbaycan və bu regionla bağlı diplomatiyası ziddiyyətli məqamlarla doludur. İranın siyasi elitasında radikal qüvvələr də var, mülayim siyasətin nümayəndələri də. Buna baxmayaraq, İranın xarici işlər naziri Azərbaycana qarşı ziddiyyətli bəyanatlar verir. İran başa düşür ki, Azərbaycan kifayət qədər güclü dövlətdir. İran Azərbaycanın müstəqil xarici siyasət yürütməsini və müstəqil addımlar atmasını qəbul etmək istəməsə də, gec-tez bununla razılaşmalıdır. Bunu Tehran da anlayır. İran başa düşür ki, Azərbaycan tək deyil, onun yaxın müttəfiqləri var. Pakistan və Türkiyə kimi müttəfiqlərimiz yanımızdadır.

Ağırlaşdırılmış sanksiyalar altında olan İran başa düşür ki, indi Azərbaycanla gərginliyi dərinləşdirməyə görə uduza bilər. Eyni zamanda, bu da bir reallıqdır ki, Azərbaycanı həm də İsrail dəstəkləyir. İsrailin özündən də İrana qarşı sərt ifadələr səsləndirilir. Bu da bizim xeyrimizədir, maraqlarımıza cavab verir. Görünür, İran baş verənləri yaxşı başa düşür və qavrayır. Ola bilsin ki, İran zahirən yumşalır, amma baş verənləri anlayıb qəbul edirlər.