“Rusiya  Brüsseldəki razılaşmalardan narazıdır...”

“Rusiya Brüsseldəki razılaşmalardan narazıdır...”

21 Dekabr 2021 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Arif Əliyev: “Əliyevlə Paşinyanın birbaşa əlaqələrə dair razılığı mühüm nəticədir”

“Müharibədən sonra birinci dəfə idi ki, iki ölkə rəhbəri bir-birinin gözünün içinə baxırdı...”

“Avropa İttifaqının öz xoşu ilə bu prosesdən kənara çəkiləcəyi gözlənilmir”

Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşü və bu görüşdə əldə olunan razılaşmalar ətrafında müzakirələr davam edir. Öncə səsləndirilən bir sıra fikirlərə baxmayaraq, Brüssel görüşünün gözlənildiyindən daha uğurlu keçdiyi göz önündədir. Cənubi Qafqazdan ikiəlli yapışan Moskvanınsa Brüssel görüşünə heç bir reaksiya verməməsi bundan heç də xoşhal olmadığının göstəricisi sayıla bilər.

Oxuməni.az mövzu ilə bağlı Yeni Nəsil Jurnalistlər Birliyinin sədri, siyasi şərhçi Arif Əliyevin Azpolitika.info-ya müsahibəsini təqdim edir:

- Arif bəy, Brüssel görüşünün nəticələri hər iki tərəfdə müsbət qiymətləndirilir. Ermənistan tərəfi görüşdən sonra bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması üçün öz ərazisində 45 kilometrlik dəmiryolu çəkilişinə başlayacaq. Bu mənada Soçidən sonra Brüsseldə əldə olunan nəticələrə münasibətiniz necədir?

- Soçi görüşündən sonra Brüssel təmaslarından xüsusi bir şey gözlənilmirdi. Amma mənim zənnimcə, Brüssel görüşünün nəticələri gözlənildiyindən artıq oldu. Məncə, birinci dəfə idi ki, müharibədən keçən iki ölkə rəhbəri bir-birinin gözünün içinə baxırdı. Adətən, Paşinyan bu kimi görüşlərdə başını aşağı salırdı. Bu, obrazlı ifadədir, amma onların qısa müddətə olsa da, təkbətək görüşməsi və sonradan Ermənistan Baş nazirinin dediyinə görə, Əliyevlə Paşinyan arasında birbaşa əlaqələrin davam etdirilməsi barədə razılığa gəlmələri, məncə, kifayət qədər mühüm nəticədir. Ola bilsin ki, həm də öncədən planlaşdırılmayan nəticədir.

İkincisi, söhbət ancaq Avropa İttifaqı vasitəçiliyindən getmir, əlavə bir görüşdən də gedir. Prezident Makronun iştirakı ilə də tərəflər arasında görüş olub. Sözsüz ki, burada da müəyyən müzakirələr aparılıb.

Üçüncüsü, görüş ərəfəsində verilən bəyanatlardır. İlham Əliyevin Zəngəzur dəhlizinin statusuna görə Laçın dəhlizi ilə bərabərləşdirilməsinə dair fikirləri ilk dəfə belə açıq şəkildə ifadə olundu. İlk dəfə göstərildi ki, əgər Zəngəzur dəhlizinin yaradılmasına nail olunmayacaqsa, o zaman Laçın dəhlizinin statusuna dəyişiklik məsələsi qaldırılacaq. Mənim fikirmcə, ikinci daha realdır, nəinki birinci. Zəngəzur nəqliyyat xəttini dəhliz formasında ortaya çıxarmaq Ermənistan üçün böyük təhlükə olduğundan onlarda narazılıqlar yaradır. Düşünmürəm ki, Ermənistan buna çox asanlıqla razı olsun. Ona görə də ikinci məqam daha da fəallaşacaq və fikrimcə, gündəliyə çıxan əsas məsələlərdən biri olacaq.

- Brüssel görüşünü Soçi müzakirələrinin davamı hesab etmək olarmı?

- Xüsusi uğur kimi deməzdim, amma yuxarıda qeyd etdiyim məqamlar Soçidən fərqli idi. Əksinə, düşünürəm ki, Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərini yalnız Rusiyanın yürütdüyü xətdən bir qədər kənara çıxarmaq üçün göstərilən cəhddir. Soçi görüşü birbaşa o xəttin içərisində olan müzakirə idi. Bildiyiniz kimi, Soçi görüşü əvvəlcədən planlaşdırılan təmas deyildi, Brüssel görüşü ortaya çıxdıqdan sonra təşkil edilən görüş idi. Rusiyanın narahatlığı var idi ki, Brüssel görüşü Rusiyanın apardığı prosesdən bir qədər kənara çıxa bilər. Üstəlik biz gördük ki, Brüsseldə Avropa İttifaqı Minsk Qrupundan kənarda bu prosesə daxil olmağa cəhd edir. Söhbət demarkasiya və delimitasiyada, eləcə də humanitar problemlərin həllində onların birbaşa iştirakından gedir.

Maraqlıdır ki, Brüsseldəki müzakirələrdə, açıqlama və bəyanatlarda Minsk Qrupuna heç istinad belə edilmədi. Bu baxımdan hesab edirəm ki, orada müəyyən yeni məsələlər ortaya qoyulub. Halbuki. bunlar əvvəlcədən bizim nəzərimizə çarpmırdı. Bu rakursdan mən Brüssel görüşünü gözlənildiyindən daha əhəmiyyətli hesab edirəm, amma onun nə dərəcədə uğurlu olub-olmayacağı da növbəti addımlardan daha çox asılı olacaq. Məsələn,iki ölkə liderinin əlaqələri ardıcıl olacaq, yoxsa yenə də yalnız Putinin vasitəçiliyi ilə davam edəcək? Və yaxud dəhlizlər məsələsində dediyim yeni kontekst nə dərəcədə güclənəcək, yoxsa əksinə olacaq? Avropa İttifaqı bu istiqamətdə öz səylərini genişləndirəcək, yoxsa Rusiya buna imkan yaratmayacaq? Məncə, Avropa İttifaqının uğur əldə edib-etməyəcəyi daha çox bu məqamlardan asılı olacaq.

- Belə çıxır ki, Zəngəzur dəhlizinin açılmasından daha çox Laçın dəhlizinin statusunun dəyişdirilməsini real hesab edirsiniz?

- Ehtimal edirəm deməzdim. Sadəcə, mən səylərin daha çox hansı istiqamətə yönəldiləcəyini deyirəm. Azərbaycan Prezidenti elan edir ki, onların hər ikisi eyni statusda olmalıdır. Burada güclü məntiq var. Çünki hər iki yol eyni funksiyanı yerinə yetirir. Əgər, bunların statusu eyni olmalıdırsa, üstəlik İrəvan dəhliz variantına heç cür getmək istəmirsə və bunun ölkə suverenliyinə xələl gətirəcəyini bildirirsə, o zaman Laçın dəhlizi məsələsi ortaya çıxacaq. Bəli, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə xələl gətirəcək. Necə ki, Laçın dəhlizi bizim suverenliyimizə xələl gətirib, torpaq bizimdir, amma orada nəzarət imkanımız yoxdur, nə gətirib, nə apardıqlarını bilmirik.

Təbii ki, Ermənistan öz ərazisində belə bir rejimin yaradılmasını heç cür istəməz. Hələ onu demirəm ki, orada belə bir rejim qurulsa və Rusiya nəzarəti ələ keçirsə, faktiki olaraq Ermənistanın sonuncu qonşusu İranla sərhədinə nəzarət əldə edəcək. Odur ki, burada Ermənistan üçün vacib məqamlar çoxdur. Bu mənada Ermənistan Zəngəzur dəhlizinə hər vasitə ilə müqavimət göstərəcəksə, bu halda Azərbaycan da Laçın dəhlizindəki rejimi dəyişməlidir. Xatırladım ki, İlham Əliyev Brüsseldə bu barədə bəyanat verərkən çox maraqlı ifadə işlətdi. Dedi ki, orada erməni gömrük xidməti olmamalıdır. Olacaqsa, Laçın dəhlizində də bizim gömrük postumuz olmalıdır və biz hər iki varianta hazırıq. Mən fikirlərimi bu baxımdan deyirəm.

- Sizcə, Avropa İttifaqı Brüssel görüşündə Azərbaycanı narazı salmamaq üçün “status”, “Dağlıq Qarabağ”, “Minsk Qrupu” kimi ifadələr işlətməməklə nəyə nail oldu? Bununla da Cənubi Qafqazdakı proseslərə daxil ola bildi, ya necə?

- Məncə, hələlik yox. Əgər regiondakı proseslərə qatılsaydılar, biz hansısa uğurdan danışardıq. Bu, ciddi iddiadır. Avropa İttifaqı sadəcə, bu iddiasını ortaya qoydu və konkret addımlar atdı. Söhbət yalnız üçtərəfli bəyanatın dəstəklənməsindən getmir. İndiyə qədər onların Qarabağ probleminə münasibəti “biz üçtərəfli bəyanatı dəstəkləyirik və oradakı proseslər davam etməlidir” deməklə məhdudlaşırdı. İndi də bu dəstək məsələsi səslənir, eyni zamanda münasibətlərin tənzimlənməsi və formalaşdırılması prosesində bilavasitə iştiraka can atılır. Diqqət etdinizsə, orada çox incə məqam da ortaya çıxdı. Məsələn, hərbi əsir ifadəsinə rast gəlinmədi, “saxlanılanlar” ifadəsi əksini tapdı. Eyni zamanda, Azərbaycanda minaların təmizlənməsində, bərpa işlərində iştirak, birbaşa əlaqələrin yaradılması və bunun stimullaşdırılması kimi məsələlərə diqqət etdikdə görürük ki, konkret addımlar atılır.

- Sizcə, Rusiyanın bütün bunlara real münasibəti necədir?

- Əlbəttə, Rusiya buna reaksiya vermir, ancaq aydındır ki, belə hallardan narazıdır, Brüsseldəki razılaşmalara münasibəti mənfidir. Mənim qənaətimcə, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa əlaqələrin, danışıqların aparılmasını heç vaxt istəməz. Azərbaycan və Ermənistan arasında başqa vasitəçilərin olmasını da əsla arzulamır. O cümlədən də Avropa İttifaqının bu məsələdə daha da fəallaşmasını istəməz. Bu, Rusiyanın mövqeyinin və təsirinin zəifləməsi, habelə onun vasitəçiliyinə alternativin ortaya çıxması deməkdir. Ruslar bir ildən çoxdur ki, danışıqları və müzakirələri məhz öz nəzarətlərində saxlayırlar. Əlbəttə ki, bu da təsadüfi deyil.

Onu da deyim ki, Brüsseldə “Dağlıq Qarabağ”, “status”, “Minsk Qrupu”, “əsirlər” kimi ifdələrə rast gəlinməməsi həm də onun təsdiqidir ki, 44 günlük müharibə çox şeyləri dəyişib. İndiki reallıqlar bəzən açıq ifadə edilməsə də, dünya tərəfindən qəbul edilir. Orada gedən proseslərə, Qarabağ probleminin tənzimlənməsinə dair sualların ən böyüyü daha çox Rusiya ilə bağlıdır, nəinki Azərbaycan və Ermənistanla.

- Sizcə, Avropa İttifaqı bu təşəbbüsləri davam etdirəcəkmi, yoxsa hər şey Azərbaycan və Ermənistanın addımlarından asılı olacaq?

- İstənilən halda bu, Ermənistan və Azərbaycan tərəfindən asılıdır. Əgər tərəflər bunu qəbul etməyəcəksə, hansısa mərhələdə geriyə addım atacaqsa, bu zaman vasitəçilik məsələsi havada qalacaq. Düzdür, onların da Azərbaycana və Ermənistana müəyyən təsir imkanları var, amma bu, o dərəcədə də güclü deyil ki, ölkələri məhz onların ssenarisi ilə hərəkət etməyə məcbur etsin. Burada könüllülük prinsipinin böyük rolu olacaq.

Amma Avropanın öz xoşu ilə bu prosesdən kənara çəkiləcəyi və öz xoşu ilə bundan imtina edəcəyini gözləmirəm. Əgər Azərbaycan və Ermənistan addım atarsa, Avropa İttifaqı bu prosesdə öz iştirakını genişləndirəcək. Ümumiyyətlə, Avropa siyasəti və avtomobili elədir ki, ağır-ağır dönür. Əgər dönürsə, bu, uzunmüddətli düşüncələrin əsasında hazırlanan siyasətin nəticəsidir. Yəni, “bu gün belə addım atdım, sabah bu addımı dəyişim” formasında olmur. Bunlar uzunmmüddətli fikirlər əsasında ortaya çıxan addımlardır və bundan asanlıqla imtina etmirlər. Bunu ona görə deyirəm ki, Avropa İttifaqı öz xoşu ilə səylərini zəiflətməyəcək. Əgər zəiflədəcəksə, bu ondan irəli gələcək ki, Ermənistan və ya Azərbaycan ona ögey yanaşır.