“Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər”

“Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər”

22 Sentyabr 2022 06:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvana səfəri zamanı Ermənistana nümayiş etdirdiyi dəstək regionda marağı olan böyük dövlətlər arasında rəqabəti artırır. Bundan sonra Ermənistan üzərində 3 dövlət - Rusiya, İran və ABŞ arasında güclü rəqabət başlayacaq. Bu da bölgədə daha ciddi oyunlara işarədir. Belə bir şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin qaydaya düşməsi, sülhün əldə edilməsi çətinləşə, region iri dövlətlərin maraqlarının toqquşma meydanına çevrilə bilər.

Oxuməni.az mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Reytinq” qəzetinə (reyting.az) müsahibəsini təqdim edir:

- Sərdar bəy, Azərbaycan ilə Ermənistan arasında baş verən son hərbi qarşıdurmadan sonra regionda yaranmış durumu necə qiymətləndirirsiniz?

- İndi Rusiya maraqları baxımından Ermənistanın müdafiə olunmaması İrəvanda ənənəvi Rusiyaya meylliliyi zəiflədib, Paşinyanın rəhbərliyi altında qərbyönümlü istiqamət götürülüb. İndiki halda Ermənistan keçid dövrünü - Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşma mərhələsini yaşayır. Bu da Ermənistanda ciddi terrorların və hadisələrin baş verməsi ilə müşahidə ediləcək.

Hələlik gərginlik yüksəkdir, hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər. Çünki Rusiya Ermənistanın davranışlarına görə münaqişənin yatırılmasında deyil, davam etməsində maraqlıdır. Eyni zamanda Ermənistanı əldən buraxmaq istəmir.

- Azərbaycanın perspektivləri baxımdan vəziyyəti necə analiz edirsiniz?

- Hələlik vəziyyət gərgindir. Nensi Polesinin Ermənistana səfəri, İrəvanda bu ölkəyə dəstək bəyanatı verməsi, həmçinin Azərbaycanı işğalda ittiham etməsi yaxşı hal deyil. Məncə, Azərbaycan diplomatiyası tezliklə vəziyyəti düzəltməlidir, əks halda beynəlxalq rəy əleyhimizə inkişaf edə bilər.

Qənaətimcə, Nensi Polesinin İrəvana səfərinə başdansovdu yanaşmaq olmaz. ABŞ-da hakimiyyət bölgüsü var, parlament hakimiyyəti də nüfuzlu qollardan biridir, üstəlik, Polesi bu qolun nüfuzlu təmsilçisidir.

Bu yaxınlarda Çin Tayvanı təhdid etdi, dərhal Nensi Polesi ora getdi. Çin hətta elan etdi ki, Polesi gələrsə, onun təyyarəsi vurula bilər. Buna baxmayaraq Polesi Tayvana getdi və qayıtdıqdan sonra ABŞ Tayvana 5, 5 milyard dollar yardım etdi. Eləcə də ABŞ, Hindistan və Yaponiya Çin sərhədlərində hərbi təlimlər keçirdi. Pekin də məcbur olub Tayvan sahillərindən çəkildi.

Demək istəyirəm ki, Nensinin İrəvanda verdiyi bəyanatlara ciddi yanaşmaq lazımdır. Bu baxımdan, ABŞ hakimiyyəti ilə kontaktları artırmalı, Ermənistan-Azərbaycan məsələsində əsl həqiqətlərlə bağlı kampaniya aparılmalıdır. Məsələn, biz cəbhədə uğurlar əldə etmişik və bunun təbliğatını aparırıq. Amma biz hələ də ABŞ-a izah edə bilməmişik ki, Qazaxın 6, Sədərək rayonunun 1 və Ordubadın 3 kəndi Ermənistanın işğalı altındadır. Eləcə də sərhədlər müəyyən edilmədiyi üçün bu gün Azərbaycan Ordusunun dayandığı əraziləri Ermənistan əraziləri kimi təqdim etmək və bunu da işğal kimi qiymətləndirmək qanunsuzdur. Məncə, az danışıb çox iş görməliyik. Biz fəal mövqedə olmalı, gecə-gündüz işləməliyik.

Diqqət edin, düşmənimiz məğlub olduqdan sonra belə, öz məğlubiyyətini qələbə qədər təqdim edə bilir. Ermənistan indi məğlub olub, amma elə kampaniya qurur ki, nəticədə dostumuz olan Ukrayna belə az qala onları müdafiə edir. Hələ mən Avropa ölkələrini demirəm. Dünyada ictimai rəyin belə dəyişməsinə ciddi yanaşmalı, kontur addımlar atmalıyıq.

- Sizcə, ermənilər niyə belə asanlıqla dünya ictimai rəyinə təsir edə bilirlər?

- Bunun bir sıra səbəbləri var və bu, ermənilərdən də asılı deyil.

Birinci məsələ Rusiyanın Azərbaycanı müdafiə etməsidir. Bu o deməkdir ki, Rusiyaya düşmən qüvvələr bizə münasibətini dəyişə bilər.

İkincisi Azərbaycanın haqlı mübarizəsinin Rusiyanın mövqeyi ilə sübut olunmasıdır. Halbuki Azərbaycan öz mövqeyini müdafiə edir və bunun Rusiya ilə əlaqəsi yoxdur. Amma başqa ölkələr fərqli düşünə bilər.

Digər məsələ bizim diplomatların kifayət qədər aktiv olmaması, geniş əlaqələr, münasibətlər qurmaqda çətinlik çəkməsidir.

Həm də beynəlxalq ictimai rəyin hazırlanmasında problemlərimiz var. Ermənilər dərhal səfirliklərimizin qarşısında mitinqlər keçirir, dünya ictimai rəyini bizə qarşı yönəldirlər. Azərbaycan diasporu və Diaspora Komitəsi isə susur, gözləyir ki, yuxarıdan ona nə deyiləcək. Halbuki Diaspora Komitəsinin əli tətikdə olmalıdır. Nəyə görə, xaricdəki səfirliklər qarşısında aksiyalara birinci ermənilər başlamalıdır? Bu baxımdan bizim apardığımız uğurlu hərbi əməliyyatların arxasında diplomatik və beynəlxalq ictimai dəstək durmasa, çətinlik çəkəcəyik.

- Düşünürsünüz ki, Polesinin səfəri, eləcə də ermənilərin beynəlxalq aləmdə saxta təbliğatları bizə problem yarada bilər?

- Bu, olduqca ciddi məsələdir. Nensinin Tayvana səfəri Çinə problem yaradırsa, niyə düşünməliyik ki, onun Ermənistana səfəri Azərbaycana problem yarada bilməz? Əks arqument nədən ibarətdir? Bu qadının kəskin bəyanatlarını xəfifə almaq, boş şey hesab etmək olmaz.

- Xanım Polesi 1988-ci ildən bu mövqedədir...

- Bəli, 30 il ərzində Nensi bir dəfə də olsun mövqeyimizi müdafiə edibmi? Yox, əksinə, problemlərimizə sevinib. Deməli, onu ciddiyə almaq lazımdır.

- Bu proseslərdə Türkiyənin rolu və təsirlərini necə xarakterizə edirsiniz?

- Türkiyə bizim qardaşımızdır, Şuşa Bəyannaməsi ilə hərbi müttəfiqik. Türkiyənin regionda olması bizə aydındır, bilirik ki, qardaş ölkə mövqeyini heç vaxt dəyişməyəcək. Əsas məsələ bizimlə sıx əlaqəsi olmayan dövlətlərin hansı mövqe nümayiş etdirməsidir.

- BMT Təhlükəsizlik Şurasında müzakirələr getdi, amma nəinki qətnamə, heç bəynat da qəbul edilmədi. Bu, bizim uğurumuz deyilmi?

- Bəli, bizim üçün uğurdur. Amma nəzərə alın ki, BMT Təhlükəsizlik Şurasında veto hüququ olan dövlətlər də yekdil deyil və Rusiyaya qarşı düşmənçilik mövqeyindədirlər. Odur ki, ABŞ və Fransanın Rusiya ilə eyni mövqedən çıxış edəcəyini gözləməyin. Onlar öz dövlətlərinin maraqları baxımından biri “hə” deyəndə, digəri “yox” deyəcək.

- Son hərbi insidentdən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi dəstək üçün müraciət etdi, amma faktiki olaraq rədd cavabı aldı. Sizcə niyə?

- KTMT-də təmsilçilik nisbəti bizim xeyrimizədir. Orada Qırğızıstan və Qazaxıstan var. Bizimlə Qazaxıstan arasında hərbi müttəfiqlik müqaviləsi mövcuddur. KTMT hətta fərqli qərar çıxaracağı halda Qazaxıstanın orada iştirak etmək imkanı olmaz. Çünki biz düzgün addım ataraq ikitərəfli elə müqavilələr imzalamışıq ki, həmin sənədlər Qazaxıstanı Azərbaycan tərəfdə durmağa məcbur edir.

İkincisi, Paşinyanın qərbyönümlü siyasəti və Ermənistandakı anti-Rusiya ab-havası Rusiyanın maraqları baxımından İrəvana dəstək verməsinə mane olur. Məncə, əgər Ermənistanda Sarksiyan və ya Köçəryan kimi Rusiyanın adamları hakimiyyətdə olsaydı, bizim əleyhimizə hansısa qərar çıxarıla bilərdi. Ancaq bu gün Paşinyan bir tərəfdən Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmaq siyasəti aparır, digər tərəfdən də Rusiyadan dəstək istəyir. Bu halda Rusiya niyə özünün əleyhinə olan qüvvəyə dəstək verməlidir?

- Siz qarşıda təxribatlar, hərbi əməliyyatlar gözləyirsinizmi?

- Bundan sonra heç kəs Ermənistan-Azərbaycan münasibətlərinin sakit və rəvan gedəcəyini deyə bilməz.

- Niyə?

- Çünki indiyə qədər bölgədə Ermənistan və Azərbaycan arasında münaqişə var idi, Rusiya da oyun oynayırdı. Sonra prosesə Türkiyə daxil oldu. Rusiya Ermənistanla, Türkiyə Azərbaycanla müttəfiq oldu. İndi Ermənistan elə siyasət yürüdür ki, bir tərəfdən də İranın maraqlarına zərbə vurur. Məsələn, Ermənistanın ABŞ-ın təsir dairəsinə keçməsi İran üçün ölümcül zərbə olardı. Hansı ki, İran indiyə qədər Ermənistanı müdafiə edirdi.

İkincisi, Ermənistanın ABŞ-ın təsir dairəsində olması Rusiyanın da maraqlarına zərbədir.

Beləliklə, regionda maraqlar rəqabəti gərginləşir. Bura Rusiya, İran və ABŞ daxil olur. Bu da gələcəkdə daha ciddi oyunların olacağına işarədir. Dünənə qədər burada rəqabət aparan qüvvələr az idi. Bəli, Rusiya və Türkiyə də rəqabət aparırdı. Amma həm də razılaşmışdılar ki, Türkiyə ilə Azərbaycan, Ermənistan ilə Rusiya müttəfiqdir. İran da Ermənistanın müttəfiqi kimi Rusiyanın Ermənistanla bağlı siyasətinə dəstək verirdi. Amma bu gün Ermənistanın öz siyasətini 180 dərəcə dəyişməsi və ABŞ-a yaxınlaşması həm Rusiyanın, həm də İranın maraqlarına ziddir. Bu baxımdan biz Ermənistan üzərində 3 dövlətin rəqabətini görəcəyik. Bir tərəfdən İran çalışacaq ki, ABŞ Ermənistanda məskunlaşmasın, digər tərəfdən də Rusiya Ermənistanı təsir dairəsindən buraxmamağa çalışacaq. ABŞ isə Ermənistanda möhkəmlənməyə cəhd edəcək. Bu zaman Ermənistan-Azərbaycan münaqişəsində bu rəqabətdən də istifadə oluna bilər. Belə rəqabət şəraitində Ermənistan-Azərbaycan münasibətlərinin qaydaya düşməsi, sülhün əldə edilməsi çətin olacaq, zaman-zaman atəşkəs pozulacaq. Mən qənaətim belədir.

Tezliklə Ermənistan rəhbərliyi ortaya konkret mövqe qoymasa, Brüssel çərçivəsində danışıqları davam etdirmək istəməsə, ikitərəfli sülh sazişində maraqlı olduğunu ifadə etməsə hadisələr bölgənin xeyrinə inkişaf etməyəcək. Belə olduğu halda region iri dövlətlərin maraqlarının toqquşma meydanına çevriləcək. Odur ki, hər şey Ermənistandan asılıdır.