Azərbaycan mətbəxinə nifrət edənləri qabağa çəkdilər - Tahir Əmiraslanovla MÜSAHİBƏ
Oxuməni.az Modern.az-a istinadən Əməkdar mədəniyyət işçisi, məşhur kulinar, milli mətbəximizlə bağlı onlarla kitabın müəllifi Tahir Əmiraslanovla müsahibəni təqdim edir:
- Tahir müəllim, bu sahəni seçməyinizin səbəbi nə olub, yəni kulinar olmağınız necə baş vermişdi?
- Bu təsadüfən oldu. Gənc olanda özümü hamıdan ağıllı, güclü hesab edirdim. Ona görə də düşündüm ki, harada çox rəqabət varsa, gedib orada imtahan verəcəm. Əsgərlikdə rasional təklifə görə Sovet hökuməti mənə 480 manat pul vermişdi. Evə - Gəncəyə gələn kimi həmin pulla bilet alıb getdim Leninqrada. Orada da heç kimi tanımırdım. Qeydiyyata düşmək üçün tikinti şirkətində bir müddət çalışdım. Hazırlaşırdım, gözləyirdim ki, imtahanlar başlasın və mən də sənədlərimi verim. Gördüm ki, Teatr İnistutundan bir yerə 22 nəfər qəbul olunmaq istəyir. İşimi ora verəndə bilməzdim ki, mən yemək bişirməklə məşğul olacam. Kənddən gəlmişdim və biz tərəfdə yemək bişirmək ancaq qadınlara məxsus iş idi. Müəllimlərimə, həmin alimlərə görə sənətimə vuruldum. Orada məni təkcə öyrətmədilər, həm də tərbiyə etdilər, dəyişdirdilər. Bununla yanaşı, mən orada sevgi gördüm və yavaş-yavaş təfəkkür formalaşdı. Birinci kursdan gördüm ki, bizim mətbəximizlə bağlı kitabları heç bizimkilər yazmır. Bunu yazanlar daha çox qonşu xalqlardır. 1984-cü ildə universiteti bitirdikdən sonra yenidən Gəncəyə qayıtdım. İlk şoku orada yaşadım - 112 manat maaş verdilər mənə, hansı ki mən hələ universitetdə 300 manat alırdım. Gələndən sonra həm texnoloq kimi işlədim, həm də indiki Azərbaycan Texnologiya Universitetində dərs deməyə başladım. 1 ildən sonra, 1985-ci ildə Azərbaycan Milli Kulinariya Assosiasiyasını yaratdıq.
- Milli mətbəx necə formalaşıb?
- Azərbaycan mətbəxi 5 əsas yerdən formalaşıb. Dövləti olan xalqların saraylarında alimlər, şairlər, mütəxxəsislər kimi, aşpazlar da toplanır. Mürəkkəb xörəklər saray aşpazları tərəfindən yaradılır. Bu mətbəx yazılı mətbəxin əsas hissəsidir. Saray aşpazlarının bu gün də əlimizdə kitabları var. Fikir versəniz. qonşu ölkələrdə saray mətbəxinə aid kitablar yoxdur. Çünki onların dövlətçilik ənənəsi daha zəifdir. Dövlət olan yerdə də mütləq ordu var.
İkinci ordu mətbəxi milli mətbəximizə təsir edib. 1993-cü ildə ordu mətbəxinin Azərbaycan mətbəxinə keçməsi üçün işlər gördük. Tarixən də əsgərə nələr verilib, nə yedizdirilib - bunlar da yazılı mənbə kimi bizə gəlib çatıb. Mətbəxin üçüncü hissəsi mənəvi mətbəxdir. Bizim sufi tərəfimiz də mətbəximizə ciddi təsir göstərib.
Mətbəxin formalaşmasında dördüncü hissə isə satış mətbəxidir. Bu karvansaraylarda, dükanlarda, yeməkxanalarda bişirilən yeməklərdir.
Beşinci mətbəx isə yazılmayan – rəiyyət mətbəxidir. Evində, yaxınında nə varsa, onlardan hazırlanan yeməklərdir ki, bunların da hazırlanması çox sadədir. Bunların hamısı da öz növbəsində bizim düşüncə tərzimizi formalaşdırır.
- Azərbaycan regionları yeməklərinə görə çox fərqlənirlər. Bu baxımdan milli mətbəximizi neçə yerə bölərdiniz və bu qədər fərqin olmasının əsas səbəbi nədir?
- Mən kəndbəkənd bölərdim. Bu rəngarənglik var, amma baza eynidir. Bakı paxlavası ilə Gəncə paxlavası nə dərəcə bir-birindən fərqlidir?! Fərqin olmasının səbəbi regionaldır. Bunlar həm də mənəvi məsələdir. Saz, muğam kimindirsə, yemək də onundur. Ermənilər sazı, muğamı oğurlaya bilmədi, mətbəxi özününküləşdirdi, çünki xalq olaraq özlərini bəyan etməli idilər. Mətbəx yoxdursa, mədəniyyət də yoxdur. Bu barədə bir yazım da var idi - “Qazandan çıxan mədəniyyət və incəsənət”. Onlar da bunu yaxşı başa düşdülər. 1872-ci ildən başlayaraq ermənilər türk mətbəxini topladılar. Hətta 7 erməni əlifbası ilə yazılan türk mətbəxi haqqında kitablar var. İndi isə o kitabları çevirib erməni mətbəxinin əsası kimi qələmə verirlər.
- Bu mövzuya bir az da aydınlıq gətirək. Mətbəxlərin bu qədər bənzəməsi eyni coğrafiyada yanaşı yaşamaqla əlaqəli ola bilməz?
- Millətlər birləşəndə həmişə güclü millətin mətbəxindəki yeməklər mənimsənilir. Məsələn, rus mətbəxindən borş, paytaxt salatı, vineqret salatı kimi yeməkləri götürmüşük. Bunlar bizim milli mətbəxə aid deyil, istifadə etsək də, iddiamız yoxdur. Ümumiyyətlə, bizim mətbəxə aid salat yoxdur. Avropada ətin və ərzaqların dadı olmadığından onları bir-biri ilə qarışdırıb əlavə yağ, ədviyyat vururdular ki, yeyilsin. Amma eşitmisinizmi azərbaycanlılar desin ki, paytaxt salatı, vineqret milli mətbəximizə aiddir. Bizim fərqimiz budur.
Ermənilər İrəvana, Qarabağa gəldikdən sonra yerli ərzaqları mənimsədilər, amma yerli əhali ermənilərdən həmişə iyrənib. Onların yemək yediyi boşqabı 7 dəfə salavatlayıb itə yal vermək üçün istifadə ediblər. Ona görə də belə keçid heç vaxt ola bilməzdi.
Eyni bölgədə yaşamışıq, amma mətbəximiz heç vaxt birləşməyib. Biz onlardan nəsə öyrənməmişik, bizdən də öyrənmələrinə qoymurduq, çünki iyrənirdik. Onlar bu mətbəxi bizdən oğurlayıb. İkinciyə qaldıqda, ermənilər xristian idi və onların mətbəxində dadlı yemək ola bilməzdi, çünki xristianlıqda üç ləzzətin üçünün də şeytandan gəldiyinə inanılır və qadağandır – sevgi, qida və yaradıcılıq ləzzəti. Onlar isə bu mühitə uyğunlaşmaq üşün Azərbaycan mətbəxini mənimsəmək məcburiyyətində idilər. Yoxsa bu cür coğrafiyada onların bişirdiyi yeməklərlə yaşamaq olmazdı, hamısı ölərdi. Amma Anastas Mikoyan 1930-cı illərdən böyük oyunlar oynadı. Azərbaycan mədəniyyətini parçalamaq üçün mədəniyyətin konservativ hissəsini dağıtmalı idi. Onu dağıtmaq üçün də ilk növbədə mətbəxdən başladılar. Azərbaycan xörəklərini erməni mətbəxi kimi qələmə verdilər.
- Bu proses müasir dövrdə də davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də hökümətin iclasında ölkənin ənənəvi kulinariya reseptlərinin qeyri-maddi mədəni irsin bir hissəsi kimi sənədləşdirilməsi və qorunması üzrə genişmiqyaslı layihənin başlandığını elan edib. Bu istiqamətdə işlər də gedir, beynəlxalq saytlar yaradılıb, hətta ölkənin hər bölgəsini gəzib milli mətbəxi yenidən toplamaqla məşğul olduqlarını bildirirlər...
- Paşinyanın gördüyü iş Mikoyanın gördüyü işdən daha təhlükəlidir. Çıxışı zamanı qeyd edir ki, Ermənistanın milli mətbəx irsi Ermənistan dövlət təhlükəszilik strategiyasının bir hissəsidir. Bu yenidən bütün mədəniyyəti özəlləşdirmək deməkdir. Mətbəxin sənədləşdirilməsi məsələsini biz 10-15 il əvvəl qoyduq və dəfələrlə Dövlət Turizm Agentliyinə bununla bağlı müraciətlər etdik, amma lazım bilmədilər. Biz təklif irəli sürdük ki, Milli Kulinariya Mərkəzinin yanında ayrıca elmi-tədqiqat inistutumuz olmalıdır, çünki Azərbaycanda milli mətbəxi, qidanı öyrənən elmi-tədqiqat şöbəsi yoxdur. Eyni zamanda təhsildən də bunu çıxardılar və qida texnologiyası fakültəsinə daxil edib bu ixtisası əritdilər. Siz təsəvvür edin ki, Milli Kulinariya Mərkəzini Nazirlər Kabinetinin qərarı ilə elmi təşkilatların içinə salınmadı, amma bu kabinetin qərarı ilə o, elm və təhsillə məşğul olmalı idi. 1997-ci ildə rəhmətlik Heydər Əliyev Kulinariya Mərkəzini dövlət təşkilatı kimi büdcəyə saldı ki, bu sahə inkişaf etsin, amma Heydər Əliyevin çörək verdiyi insanlar onun yolunu davam etdirmədi. Şou üçün üzdə nələrsə edilir. Azərbaycan mətbəxini bizim özümüzünkülər sıradan çıxardı. Dövlət Turizm Agentliyi yalnız mənimlə mübarizə aparır. Bilmirəm dava nə davasıdır. Çünki heç kimə bunun xeyri yoxdur. Bunun arxasınca gedən beyin lazımdır, amma bunlar qurulmur.
- Bu gün konkret olaraq deyə bilərikmi ermənilər neçə, hansı yeməklərimizi oğurlayıb?
- 200-dən çox yeməyimizi hələ 1960-cı ildə özəlləşdiriblər. 1959-cu ildə Ermənistan SSR Nazirlər Kabinetinin qərarı var. Həmin qərarda 200-dən çox xörəyimizin adının belə ermənicə olduğunu irəli sürmüşdülər.
- Bəs yeni nəsil milli mətbəximizi qorumaqda nə qədər istəklidir. Bu gün “Mcdonalds”, “KFC” kimi qida sektorları bütün dünyanı öz əlinə alıb..
- Başa salmaq lazımdır Azərbaycan xalqını. Siz azərbayanlıları nə vaxt milli paltarda gördünüz?! Amma Özbəkistana gedin, görün nə geyinirlər. Nə vaxt toylarda kişilərimiz qara gur papaqla oturublar?! Ərəb toylarında görə bilərsinizmi başqa ölkənin paltarlarında çıxsınlar ortaya. Bəs biz nə geyinirik?! Biz qaz yerişi yerimək istəyən qarğalarıq. Düşüncə tərzi dəyişməlidir. Ərəb, fars, rus - hansı gəldi ona oxşadıq. Siz indi istəyirsiniz ki, biz səcdə etməyək “Mcdonalds”a. Biz indiyədək milli mətbəximizi təbliğ etməyə çalışdıq. Bu gün evdə hamı övladının əlindən tutub pizza, fast-fud yeməyə aparır. Heç biri milli mətbəxdən istifadə etmir. Amma evə gələndə hamı milli mətbəxin təamlarını axtarır. Onu evdə saxlamaq lazım deyil, onu bütün restoranlara daşımaq lazımdır. Qoymadılar biz bunu edək. Bütün nazirliklərə, Dövlət Turizm Agentliyinə bu haqda nə qədər məktub yazdım. İndiyədək bir məktubuma da müsbət cavab almadım.
- Siz özünüz “Mcdonalds”, “KFC” kimi yerlərdə verilən qidalardan istifadə etmisinizmi?
- Mütəxəssis kimi dadına baxmadığım çox nadir qida var. Həmçinin onların da dadına baxmışam, bəzilərindən iyrəndiyim üçün yeyə də bilmədim. “Mcdonalds” ilk dəfə Moskvada açılanda Rusiya rəhbərliyi ilə birlikdə mən də orada olmuşam, hətta sistemini də öyrənmişəm. Amma mən heç bir Azərbaycan gözəlinə əlində dönər, bu cür tez-bazar yeməkləri yolda gövşəyə-gövşəyə yeməyi yaraşdırmıram. O gözəllikdən əsər-əlamət də qalmayacaq. Pulu yaxşı yemək, geyinmək, yaşamaq üçün qazanırsınız. Siz qaça-qaça yemək yeyəcəksinizsə, o pulu niyə qazanırsınız? İnsan nə cür yeyirsə, sevgidə də o cürdür. Nə yediyimizə, nə cür yediyimizə diqqət etmək lazımdır.
- Bu gün kulinariyanı yaxşı bildi-bilmədi hamı sosial şəbəkələrdən – yutub kanallarından insanlara necə yemək bişirmək lazım olduğunu öyrədir. Qaçılmaz olan bu proses milli mətbəximizə necə təsir edir?
- 11 il Azərbaycan Tibb Universitetində öyrədilənləri bizim televizyalar 2-3 gün içində öyrədirlər. İnsanlara dərman, həkim tövsiyə edirlər. Bizdə nə düzdür ki? Bizim sahəni elə günə qoyublar ki... Ən savadsız adamları qabağa çəkib, dünya təşkilatlarına çıxardırlar. Azərbaycan mətbəxinə nifrət edənləri çıxardırlar dünayaya ki, bu mətbəxi təbliğ elə. O cür adamlar bizə heç nə qazandırmayacaq. Bizim sahədə internet resurslarında olan məlumatların əksəriyyəti səhvdir. Azərbaycan mətbəxi üzrə internet resurslarda Stalik Xankişiyevin bloqunu və Nigar Əmirbəyovu izləmək olar. Başqa heç bir resursda Azərbaycan mətbəxi düzgün göstərilmir.
- Yaxın 10-20 ildə bu proses Azərbaycan mətbəxində hansı yeməkləri unutduracaq?
- İndiyədək milli mətbəximizə aid 2500 yeməyin reseptini yazıb kitab şəklinə salmışam. İmkan versələr, maliyyə köməyi olsa, 2500-nü də yazıb hazırlayacam. Siz 5000 yemək bilirsiniz?! Bu gün restoranlarda 30 cür yemək hazırlanır. İndiyədək nə qədər yemək unudulub. Mən 12-ci əsrdən hazırlanan yeməkləri toplamağa çalışıram ki, unudulmasın. Bu cür davransalar, mətbəximizdə elə 30 çeşid yemək qalacaq.
- “Hansı yemək necə bişirilməldir?!” davamlı olaraq mübahisələr yaradan mövzudur. Bu mübahisələrin əsas səbəbi və onlardan çıxan nəticə nədir? Mübahisələrdə kim haqlıdır?
- Hər bir rayonda kəndçi nə yetişdirirsə, yeməyə də onu vurur. Gəncədə pitiyə kartof vurulur. Çünki Gəncədə kartof yetişir. Amma Şəki-Zaqatala bölgəsində şabalıd vurulur. Əsli də elədir. Gəncəyə şabalıd aparmaq baha başa gələrdi, ona görə də ərzaqları özlərinə uyğun qida ilə əvəz etdilər. Rəiyyət mətbəxi saray mətbəxi deyil ki, uzaqdan gətirilən ərzaqlardan istifadə etsinlər. Ona görə də xörəklərin hamısı eyni adlansa da, hər bölgəyə uyğun bişirilir. Mən kitab yazdım – “Azərbaycan mətbəxində dolmalar”, keçən il dünyanın ən yaxşı 25 kulinariya kitabından biri seçildi həmin kitab. Burada tək dolmaya aid 381 resept toplanmışdı, hələ sonra 40-nı da tapdıq.
- Restoranlardakı toylarda həddindən artıq çox yemək verilir, insanlar nə gəldi yeyirlər. O menyular barədə nə deyərdiniz?
- Mən elə düşünürdüm ki, COP29-dan sonra bu ənənə azalacaq. Siz təsəvvür edin bir toyda nə qədər ərzaq atılır. Hər ərzağı yetişdirmək üçün ona enerji, əmək sərf edilir, eyni zamanda bu cür toylarda böyük israflar yaranır. Bundan əlavə, toylarda musiqi insanlara aman vermir. Hərəkət etdikcə, yemək istəyirlər. Mədə-bağırsaq yüklənir, qan dövranı normal getmir. Sonra da deyirlər niyə ağır xəstəliklərə tutulduq. Bizdə gənclərə toy edilmir, onlara və valideynlərinə toy tutulur, həm maddi, həm də mənəvi. Bu cür toy olmur, bu biabırçılıqdır. Qaldı ki, menyulara - restorana xörək yemək üçün getmirlər. Ora dincəlmək, rəqs, hətta cinsəl hissləri oyatmaq üçün yerdir. Əgər restoran yemək satırsa, ora yeməkxanadır. 50 faiz hisslər, 50 faiz yemək satırsa, bu, orta restorandır. Əgər 75-80 faiz hisslər, 20 faiz yemək satırsa, o, əsl, yüksək səviyyəli restorandır. Yeməkxanalar isə əksinə, siz nə alsanız onu satacaq.
- Milli yeməklərimiz sağlamlığımıza necə təsir edir? Belə iddialar var ki, xaş, xəmir xörəkləri sağlamlığa ziyanlıdır.
- Milli mətbəximiz min illər boyu bizim sağlamlığımızı qoruyub, atalarımız-nənələrimiz uzunömrlü olub. Qarabağda qoyunun quyruğu özündən ağır olurdu, qoyun quyruğu yeyənlərin ağlı da çox olur, cinsəl istəkləri də güclü olur və yaradıcı olurlar. Ona görə də ət, yağlı yemək sizi öldürməz. Babalarımız hər səhər saat 4-də xaş, ya da həlim aşı yeyirdilər. Sonra da gedirdilər heyvan, xış arxasınca. İndi siz xaş yeyib kabinetdə oturmaq istəyirsiniz. Təbii ki, elə olsa öləcəksiniz. Yaxşı yemək çox yemək deyil. Bədənin həzm edə biləcəyi, işinə, enerji sərfinə, ətraf mühitin temperatuna uyğun yesəniz, Azərbaycan mətbəxi sizi həmişə yaşadacaq.
- Tahir müəllim, qidalarımızın keyfiyyəti də dəyişib. Satışdakı ərzaq mallarının tərkibi haqqında birmənalı fikir yoxdur, qida bazarımız çox çirklənib. Bununla razısınızmı və bu amillər yaxşı yemək bişirməyimizə nə dərəcədə təsir edir?
- Buna yanaşma müxtəlifdir. Əvvəllər hansısa məhsulun dadını gücləndirmək üçün ona müxtəlif kimyəvi maddələr vurulurdu. Tutaq ki, bir tonluq yeməyə 1 kilo kimyəvi dadlandırıcı vururdular. Daha sonra o maddəni palma yağı ilə əvəz etdilər. Həmin kimyəvi maddə yaxşıdır ya bu cür yağlar? Bu müzakirə olunan mövzudur. Malayziya kimi ölkələr davamlı olaraq bu cür duru yağlardan istifadə etsə də, Azərbaycanın genetikasında palma yağından istifadə etmək ənənəsi yoxdur. Bu artıq işin mənfi tərəfidir. O cür qidaların bu qədər çox satılmasının səbəbi ona olan təlabatdır. Biz hər şeyin ucuzunu axtarırırq. Ucuz olan şey təbii ki, keyfiyyətsiz olacaq. Gedin kənddən yağ, pendir, ət alın. O artıq sizdən aslıdır. Nə qədər orqanik məhsula meyil etsəniz, onlara olan tələb artsa, təklif də bir o qədər artacaq. Palma yağı kimi yağlar və digər qidalar da sektordan məhv olub gedəcək. Amma bu gün siz 5 manata yağ almaq istəyirsiniz. 24-26 litir süddən 1 kilo yağ alınır. Südün litri neçədir? Ən azı 1 manat götürsək, demək yaxşı yağ da 25-30 manat olmalıdır.
- Azərbaycan mətbəxində çayın rolu nədir, ondan çox istifadə etmək sağlamlığımıza ziyan vururmu? Məsələn, Çin və Yaponiyanın çay mədəniyyəti, həm də fəlsəfi yük daşıyır. Bu baxımdan çay bizim üçün hansı mənanı daşıyır?
- Çay bizim həyatımızda ən önəmli yerlərdən birini tutub. Özümüzün də milli çaylarımız var - Astara, Lənkaran çayları çox gözəldir. Digər ölkələrdən ən böyük fərqimiz çayı səhər, günorta, axşam, həm də bunların arasında, yeməkdən əvvəl, sonra, bütün xeyir-şər məclisləri içməkdir. Heç fəslinə görə də dəyişmir. Fikir verin, elçiliyə gedirlər, ikirəngli şirin çay olur. Şəkər rənglə isti suyun qarışmasına imkan vermir, bu qadınla kişini simvolizə edir. Nə vaxt "hə" verilərsə, ağsaqqlardan biri qaşıqla çayı qarışdırar. Çayı qarışdırmaq "iki tərəfi birləşdirdik" mənasına gəlir. Çay Azərbaycan mədəniyyətində ən incə məqamlara çıxıb. Biz çayı armudu stəkanlarda içirik. O qadın bədəni formasındadır. Yuxarısı və aşağısı kəsilib ortası saxlanılıb. Bu da o deməkdir ki, kosmosdan gələn enerjini qadınlar alıb kişilərə ötürür. Çay çox xeyirlidir, onu için, amma çayı qaynatmayın, çünki kofein çayda kofedən 4 dəfə artıqdır. Normal dəmləməyi öyrənin. Suyu düzgün seçin. Suyun 16 qaynama ölçüsü var, hər qaynama çaya ayrı dad verir, onları da bilin. Yaşıl çay daha xeyirlidir, o, Günəş radiasiyasında sizi qoruyacaq, damarları elastikləşdirəcək, insanın bədənini də, xarici görünüşünü də gənc saxlayacaq.
- Xarici mətbəxlərə baxsaq, sizin üçün ən zəngin, ən gözəl mətbəx hansıdır?
- Çin mətbəxi. Burada 20 mindən çox yemək var. Amma bu mətbəxin əsasında da uyğur mətbəxi dayanır. Avropa mətbəxinin əsasında isə ərəb və türk mətbəxi durur. Türk mətbəxini biz hər zaman ən zəngin mətbəx adlanıdırırıq. Əgər türk mətbəxi dünya kulinariyasının şahıdırsa, onun tacı Azərbaycandır, yox, əgər tacı türk mətbəxidirsə, Azərbaycan o tacın ən qiymətli daş-qaşıdır.
- Tahir müəllim, əvvəllər belə bir deyim var idi ki, kişilərin ürəyinə gedən yol mədəsindən keçir. Buna görə də qadınlar həyat yoldaşları üçün ən yaxşı yeməyi bişirərdilər. Bu deyim indi də qüvvədə qalırmı?
- Rəhmətlik Sara Oğuz “Ocaqlarımızın bərəkəti” kitabında bu fikri çox gözəl ifadə edir. Deyir ki, Azərbaycan xanımı üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir. Qadın uşaqlarına, yoldaşına sevgisini mətbəxdə göstərir. Zərdüşt peyğəmbər deyir ki, xörək bişirən ona ancaq fiziki deyil, həm də mənəvi təsir göstərir. Əgər qadın sevə-sevə yemək bişirirsə, onun bütün energetikası kişiyə də keçir, yox, əgər əsəbi, yorğun halda yemək bişirirsə, kişi ya televizyanın qabağında yatacaq, ya telefonla oynayacaq, ya da qadından uzaqlaşacaq. Bu, onun özündən aslı deyil, qida informasiya daşıyıcısıdır. Bir də baxırsan kimsə haqqında deyirlər ki, o, niyə bu gözəllikdə qadını qoyub başqasını aldı? Çünki o gözəl xanımın cinsəl hissləri realizasiya olub. Kişilər ona çoxlu kompliment deyiblər, çoxlu sevənləri olub, baxıb özünə və sair, amma digəri bir o qədər baxımlı olmasa da, yaxşı yemək bişirib həyat yoldaşının könlünü xoş etməyi düşünür və bütün müsbət enerjini ərinə ötürür. Kişi özü də bilmir ki, onu niyə sevir, ona necə vurulub...
Qədim hind fəlsəfəsində də var ki, əgər qadın özünü ərinə sevdirmək istəyirsə, hətta kişinin anası və bacısına da imkan verməməlidir ki, ona yemək bişirsin. Hind mədəniyyətində həyat yoldaşlarını əlləri ilə yedizdirirmək ənənəsi var. Bu sakral qidalanmadır. Fikir verirsinizsə, qadınla kişi yaşlandıqca, bir-birlərinə oxşayırlar, çünki bütün informasiya, energetik mübadilə daimi olaraq onların arasında bu və digər yollarla gedir. Əgər qadında ağırlıq varsa, kişi ondan aralanacaq. Bütün dinlərdə qadınların kişilərə xəyanəti doğru qəbul edilmir. Bu səbəbdən Tanrı qadınlarda bakirəlik pərdəsi yaradıb, fizioloji olaraq heç bir önəmi olmasa da, çox önəmlidir. Çünki qadın hansı kişi ilə birlikdə olsa, onun bütün məlumatların daşıyır və yeni doğulacaq körpəyə ötürür. Qadına verilən rol tamamilə başqadır, həyat cənnətdə yaranır, Tanrı həyatın yarısını, yəni cənnəti ana bətninə köçürüb.
Bu gün qadınlar savadsız dietoloqların yanına gedib özlərini arıqlatmaq istəyirlər. Amma qadının bətnində yağ yoxdursa, onun rəhmi mühafizə olunmur. Bu cür bətində uşaq sağlam olmayacaq, 100 dəfə həkimə gedəcəklər. Alimlər də vurğulayır ki, qadının bədənində yağ çox, yanları biçimli və iridirsə, o qadın daha ağıllı olur və daha çox ağıl ötürə bilir. Elə qadınlar daha güclüdür və rahat doğurlar. Bunların hamısının səbəbləri var. Mənim elmi işimin bir hissəsi qidanın insanın çoxalmasına təsiri idi, “Sevgi mətbəxi” kitabım da tibb alimlərinin rəyləri ilə çıxdı və məhz buna aid idi - qidanın insanın reproduktiv funksiyasına təsiri. Getdikcə qadın və kişi arasında bərabərlik yaratmaq adı ilə isə bütün bu sistemi məhv edirlər. İndi nadir qadınlar evində ərinə gözəl yemək bişirmək haqqında düşünür...
- İllərdir kulinariyada olan Tahir Əmiraslanovun ən sevdiyi yemək hansıdır?
- Bizim ağız dadımızı nənələrimiz formalaşdırıb. Ona görə də nənələrimiz bizə nə hazırlayıb veribsə, hər zaman o yeməyi axtarırıq. Mən Tovuzda böyümüşəm, nənəm mənə cincilim və gicirtkəndən kətə, xəngəl bişirib, camış qatığı, qaymağı balla-bəhməzlə yedirib, qovud, qəşəng bozartma hazırlayıb. Mənim ağız dadım bunlarla formalaşıb.
- Bəs milli mətbəzimizdə heç sevmədiyiniz yemək varmı?
- Mənim sevmədiyim yemək yoxdur. Bilmədiyim yemək var, onları da öyrənirəm.