Aşpazlıq mənim üçün iş, yaxud hobbi deyil, birbaşa həyatdır- gənc peşəkarın uğur hekayəsi

Aşpazlıq mənim üçün iş, yaxud hobbi deyil, birbaşa həyatdır- gənc peşəkarın uğur hekayəsi

16 Mart 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

AZƏRTAC “Müasir Azərbaycan peşəkarı” silsiləsindən 18 nömrəli Bakı Peşə Liseyinin məzunu, “SENSUM Coffee and Dine” şirkətinin baş şirniyyatçısı Cəlal Məmmədovun uğur hekayəsini təqdim edir.

Cəlal Məmmədov 2004-cü ildə Bakıda anadan olub. 2010-cu ildə 160 nömrəli klassik gimnaziyada birinci sinfə gedən qəhrəmanımız, 6-cı sinifdən 212 nömrəli məktəbdə, 9-cu sinifdən sonra isə 94 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Cəlal məktəb illərində dəcəl olsa da, dərslərinə hər zaman hazırlıqlı olmağa çalışdığını deyir. O, 9-cu sinfi bitirdikdən sonra 18 nömrəli Bakı Peşə Liseyində aşpazlıq ixtisası üzrə 3 illik təhsil almağa başlayır: “Aşpazlığa həvəsim uşaqlıq illərindən yaranıb. Aşpazlıqla bağlı araşdırmalar aparırdım, filmlərə baxırdım, videolar izləyirdim. Bişirmək, qonaqlara əl qabiliyyətini göstərmək məndə maraq oyadırdı.

Beş yaşımda ilk yeməyimi bişirməyə başladım. Ət ruleti, isti yeməklər, şirniyyatlar hazırlamağı öyrəndim. Hazırda dərk edirəm ki, bu, həqiqətən istədiyim sənətdir. Ailəm həmişə mənə sual verirdi: “Nəyə görə bu sahəyə üz tutursan? Əminsənmi?” Mən də seçimimdən əmin olduğumu qətiyyətlə söyləyirdim. Bu sahəyə üz tutmağıma icazə verdikləri üçün hər zaman ailəmə təşəkkür etmişəm. Aşpazlıq mənim üçün iş, yaxud hobbi deyil, birbaşa həyatdır”.

Cəlal Məmmədov bir müddət reklam agentliklərindən birində çalışsa da, bu sahəyə aid olmadığını anlayıb və yenidən aşpazlıqla yoluna davam edib: “Başa düşdüm ki, mənim işim aşpazlıq, insanları yedirtmək, yeni yeməklər yaratmaqdır. Məsələn, gün ərzində sosial şəbəkələrə baxmağa, kitab oxumağa vaxtım olmur. Günüm elə işdə keçir”.

Qəhrəmanımız gənclərə peşə seçdikləri zaman puldan əvvəl biliyə önəm verməyi tövsiyə edib: “2019-cu ildə məşhur restoranlardan birində ilk karyera addımlarımı atdım. İlk iş yerimə gedəndə məndən maaş istəyimi soruşdular. Mən isə cavabında onlara dedim ki, mənə nə qədər maaş vermək istəyirsinizsə, ona uyğun bilik verin. Mənə pul lazım deyil. Başa düşürəm, hamının pula ehtiyacı var, amma biliyə daha çox ehtiyac var. Bəli, 500 manat qazana bilərsən, daim o məbləğin arxasınca gedəcəksən. Amma digər seçimdə isə yaxşı məkanlara təcrübəçi kimi gedirsən. Mən 1 il 7 ay təcrübəçi kimi çalışdım. Bəzən menecer məni çağırıb çaypulu təklif edirdi, mən yenə əvəzində bilik tələb edirdim. Sonra başqa məkanlarda aşpaz köməkçisi, çörəkçi, aşpaz, şirniyyatçı, baş şirniyyatçı vəzifələrinə qədər yüksəldim”.

Cəlal gəncləri kənar təsirlərə məhəl qoymamağa səsləyib: “Gənclərimiz həvəsdən tez düşürlər. Çox insanlar paxıllıq edəcək, yoldan çıxarmağa çalışacaqlar. Xüsusilə oğlanlara deyəcəklər ki, “nəyinə lazım bu sənət, qadın üçündür”, amma qətiyyən ruhdan düşməyin. O insanlar özlərini bu həyatda tapmayıblar, paxıllıq edirlər. Mənə indi də deyənlər var ki, “bu sənəti nə edirsən? Dəyiş, dəyəri yoxdur”. Amma dəyəri var. Hazırladığın yeməyi insanlara təqdim edirsən, hər şey sənin əl qabiliyyətindən asılıdır. Adam var ki, kefsiz halda restorana gəlir, hazırladığım yeməyi yedikdən sonra əhvalı dəyişir.

Gənclərimiz hər zaman fikirləşmədən qabağa getsinlər. Yaxşı işlədikləri zaman düşünməsinlər ki, onlardan yaxşısı yoxdur. Əksinə, düşünməlidirlər ki, hələ heç nəyə nail olmayıblar, daha çox çalışmalıdırlar. Mən hazırda Azərbaycan Milli Kulinariya komandasındayam. Mənimlə birlikdə komandada Sərxan Məmmədov, Nicat Babayev, Əbülfəz Həbibov yer alır. Onlar məni əl qabiliyyətimə, bu sənətə olan həvəsimə görə komandalarına seçiblər. Əgər mən vaxtında özümə motivasiya verməsəydim, bu pilləyə gəlib çata bilməzdim, yarışlara seçilməzdim”.

Müsahibimiz işləməklə yanaşı, beynəlxalq yarışlarda da fəal iştirak edib. Belə ki, Azərbaycan Milli Kulinariya komandasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Worldchefs” çempionatında ölkələr arasında 2-ci yeri qazanaraq gümüş kuboka sahib olub. Cəlal Məmmədov Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə “İlin gənci” fəxri diplomu ilə mükafatlandırılıb: “2022-ci ildə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasına (ACSA) üzv oldum və ilk dəfə Qızıl Şah çempionatına qatıldım. Komandamız ikinci yerə layiq görüldü. Fərdi yarışda şirniyyat kateqoriyasında 3-cü yerə çıxdım. 2023-cü ildə Qızıl Şah çempionatına yenidən qatılaraq fərdi yarışda ət kateqoriyasında 2-ci yeri tutdum. Həmin ildə Azərbaycan Milli Kulinariya komandasına seçilərək Dubayda keçirilən Alen Thong beynəlxalq kulinariya yarışına komanda ilə gedib 2-ci yeri tutduq və orada fərdi yarışda ət kateqoriyası üzrə qatılaraq 3-cü yerə layiq görüldüm. Bu il isə komandamızla Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda iştirak etdik, diplom və 2 bürünc medalla vətənə qayıtdıq . Bu, çox çətin yarış idi və uğurla ölkəyə qayıtdıq”.