XİN rəsmisi: Azərbaycan-Çin münasibətlərdə tarixi prioritetlər əsas götürülür

XİN rəsmisi: Azərbaycan-Çin münasibətlərdə tarixi prioritetlər əsas götürülür

22 Aprel 20:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan-Çin münasibətləri ilə bağlı bu gün keçirilən tədbirdə məhsuldar müzakirələrin aparılacağına ümid edirəm. Bu cür konfranslar Azərbaycan-Çin münasibətlərində qarşılıqlı tərəfdaşlıq əlaqələrini inkişaf etdirməklə, hər iki ölkənin mövqeyinin üst-üstə düşməsi ilə əlaqədardır. Azərbaycan-Çin münasibətlərinin tarixi 2500 il bundan əvvələ gedib çıxır. Bu, tarixi İpək yolunun salınması ilə bağlıdır. Bu iki ölkənin mədəni və ticari təmasları böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında da öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

İki ölkə arasında energetika sahəsində əməkdaşlığın milli maraqlara söykəndiyini qeyd edən səfir bildirib: “Qlobal təzyiqlərdən asılı olmayaraq Azərbaycan-Çin münasibətləri inkişaf edir. Tayvan məsələsində Azərbaycan öz mövqeyini bəyan edib. Çin isə öz növbəsində BMT-də Qarabağ məsələsində suverenliyinin əsas götürülməsinə əsaslanıb”.

Elşad İskəndərov əlavə edib ki, dünyada qloballaşmanın ümumi faydalarını heç kim inkar edə bilməz: “Bu proses qarşılıqlı maraqlarının təmin olunmasına xidmət edir. Bizim münasibətlərdə hər iki ölkənin tarixi prioritetləri əsas götürülür”.