Ermənistan Parlamenti Azərbaycanla delimitasiya komissiyalarının fəaliyyətinin iş reqlamentini təsdiqləyib

Ermənistan Parlamenti Azərbaycanla delimitasiya komissiyalarının fəaliyyətinin iş reqlamentini təsdiqləyib

11:30
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan parlamenti sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin reqlament layihəsini təsdiqləyib.
67 deputat lehinə səs verib.
“Sputnik Ermənistan” xəbər verir ki, bitərəf və əleyhinə səs verən olmayıb. Müxalifətdə olan “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.
Bundan əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırıb.
“Müxalifət hər dəfə, hətta əleyhinə səs vermək əvəzinə, məsuliyyətli qərarlar qəbul etməkdən yayınmağa üstünlük verir”, - deyə deputat bildirib.
Reqlamentdə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir.
Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə (reqlament) layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb. İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.

Almaz Həsənli