COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib
COP29 çərçivəsində Yaşıl zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Bakı Politoloqlar Klubu” İctimai Birliyi iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib
Müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.
“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov qeyd edib ki, bu məsələlər yalnız lokal deyil, həm də qlobal məzmun daşıyır və onların həlli beynəlxalq əməkdaşlıq və diqqət tələb edir. O, bu problemlərin beynəlxalq təşkilatlar və dövlətlər arasında əməkdaşlıq vasitəsilə daha effektiv həll oluna biləcəyini vurğulayıb.
Ekspert Elşən Əhmədov isə dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələrinin təsiri barədə geniş təqdimat edərək, bu sahədə qlobal təcrübələr və nailiyyətlər haqqında məlumat verib.
Konfransda Azərbaycanın dünyadakı bu çağırışlarla bağlı mövqeyi və təklif etdiyi yanaşmalar müzakirə olunub, ölkənin ekoloji problemlərin həllində fəal rolu və töhfələri xüsusi qeyd edilib.
Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.
Oxuməni.az