COP29 Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail olur – beynəlxalq karbon bazarlarını açır

COP29 Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail olur – beynəlxalq karbon bazarlarını açır

09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 23-də COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatdığını elan etdi.

AZƏRTAC xəbər verir ki, bu, Sədrliyin bu il üçün əsas prioritetlərindən biri idi və bu, Tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə bu mühüm nailiyyətə doğru apardı. Bu strategiya illərlə davam edən çətin vəziyyətə son qoymağa kömək etdi və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır.

Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.

COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Fevral ayında təqdim ediləcək növbəti nəsil NDCs-lər dünyanın 1,5 dərəcə hədəfinə olan ümidləri üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrə iqlim planlarında daha çox ambisiyalı olmağa kömək etmək üçün bugünkü tarixi mərhələyə tam vaxtında çata bildik.

COP29 Prezidenti Muxtar Babayev deyib: “Biz on il davam edən gözləntilərə son qoyduq və 1,5 dərəcə hədəfinə çatmaq üçün çox vacib mexanizm əldə etdik. İqlim dəyişmələri transmilli çağırışdır və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer üçün tullantıların harada azaldılmasının fərqi yoxdur”.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bunu belə şərh edib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həllinə nail olduq. 6-cı maddəni başa düşmək çətindir, ancaq onun təsirlərini gündəlik həyatımızda aydın hiss edə biləcəyik. Bu, kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”.

Bugünkü nəticəni çətinliklə əldə etmişik. Qlazqo və Şarm-əl-Şeyx COP-ları karbon bazarları üçün önəmli qaydalar, şərtlər və prosedurların əsasını qoya bilsə də, 6-cı maddənin ən önəmli hissələri hələ də həll olunmamış qalırdı. COP29-dan əvvəl bu danışıqlar durğunluqda idi və daha böyük beynəlxalq iqlim əməkdaşlığına gedən yolda önəmli əngəllə nəticələnmişdi.

COP29 Sədrliyi əvvəl mövcud olan çıxılmaz vəziyyəti aradan qaldıran xüsusi yanaşma tətbiq etdi.

COP Sədrliyi bütün il boyu Tərəflər arasında məhsuldar dialoqu inkişaf etdirərək, texniki və siyasi danışıqlarda razılıq əldə olunması yolunda irəliləyişə nail oldu.

Bu, 6.4-cü maddənin ilkin qəbulu üçün zəmin yaratdı. Bu da öz növbəsində bugünkü irəliləyişlərin əldə olunmasına təkan verdi.

COP29 Sədrliyi bu nailiyyətin əldə olunması üçün son on ilə yaxındır ki, səngimədən bu yolda əmək sərf edən şəxslərə və təşkilatlara minnətdardır. Bu gün əldə olunan konsensus onların illər boyunca göstərdikləri səylər və həmin səylərin uğurlu inkişafı olmadan mümkün olmazdı.

Bu gün 6-cı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Bu qərar, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin edərək, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı ortaya qoyacaq.

Qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulub.

Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.

Bu qərarların qəbulu onların inkişafının sonu demək deyil. Tərəflər təcrübə qazanaraq 6-cı maddənin qaydalarına daim düzəliş edə bilərlər.