Azərbaycan Xarici İşlər Nazirliyi Polşaya etiraz edib
Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo noyabrın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, XİN-in məlumatında deyilir.
Məlumata görə, görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.
Bildirilib ki, bu missiya Azərbaycan və Ermənistan arasında regional sabitliyə töhfə vermək və etimadın yaradılması kimi bəyan edilmiş məqsədlərə zidd olaraq Azərbaycana qarşı alət kimi istifadə olunur.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu təxribat Azərbaycan-Polşa münasibətlərinə ziddir və bu səbəbdən belə addımlardan çəkinməyin zəruriliyi qeyd edilib.