XİN: Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik ediləcək
Yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyada xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalarla bağlı yerli medianın sualına cavabında bildirib.
O qeyd edib ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi, ilk növbədə, Azərbaycan vətəndaşlarının hüquqları kontekstində nəzərdən keçirilir. “Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək”, - deyə A.Hacızadə əlavə edib.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 2025-ci il yanvarın 1-dən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O, həmçinin bildirib ki, qaydalara əsasən, xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Xatırladaq ki, hazırkı qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, bir il ərzində isə 180 gündür.
Oxuməni.az