AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat açıqlanıb
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatı yayıb.
Sənəddə deyilir: “Sağ qalan fraqmentlərə ilkin baxış zamanı gövdənin quyruq hissəsində, şaquli stabilizatorda, liftdə və sükanda müxtəlif ölçülü və formalı çoxsaylı və qeyri-aşkar iki tərəfə çıxan və çıxmayan zədələr aşkar edilib”.
Hesabatda onların peyda olmasına nəyin səbəb olduğu və təyyarə qəzasına kimin cavabdeh olduğu açıqlanmır. Sənəd müəllifləri bildirirlər ki, “yad obyektlər”in vurduğu ziyanın xarakteri və mənşəyini müəyyən etmək üçün müvafiq araşdırmalar və ekspertizalar aparılacaq.
53 səhifəlik sənədə görə, təyyarəyə iki zərbə bir-birinin ardınca səhər saat 5:13-də baş verib və nəticədə avtopilotun bağlanması siqnalını işə salıb və hidravlik sistemlərdən birində təzyiq və maye səviyyəsinin sıfıra enməsinə səbəb olub. Bu zaman təyyarə Qroznı üzərində səmada olub və eniş etməyi planlaşdırıb, lakin aviadispetçerlərdən icazə ala bilməyıb.
Pilotlar aviadispetçerlərlə danışıqlar zamanı quşların təyyarəyə çırpıldığını və salonda oksigen çəninin partladığını bildiriblər.
Çərşənbə axşamı, fevralın 4-də “Reuters” Azərbaycan hökumətindəki mənbəyə istinadən bildirib ki, marşrutu dəyişdirildikdən sonra qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. “Azərbaycan tərəfində “Pantsir-S” raket sisteminin parçası (fraqmenti) var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertiza zamanı müəyyən edilib”, - mənbə “Reuters” agentliyinə bildirib.
53 səhifəlik hesabatın rus dilində olan tam versiyası ilə bu link vasitəsilə tanış olmaq olar: https://www.gov.kz/uploads/2025/2/4/84f9ee83af415a658fc3d2830d317889_original.3875924.pdf
Oxuməni.az