
İrəvan Bakını sülh sazişinin imzalanma yeri və vaxtını müzakirə etməyə dəvət edib
Ermənistan Azərbaycanı sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa dəvət edir.
Oxuməni.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ofisinin bəyanatında deyilir.
“Sülh sazişinin mətni üzrə razılığın əldə edilməsi və mətnin razılaşdırılması üzrə danışıqların başa çatdırılması mühüm addımdır və Ermənistan Respublikası Azərbaycan Respublikasını sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır”, - deyə məlumatda bildirilir.
Diqqətə çatdırılır ki, yanvar ayında Ermənistan Azərbaycanın rayonlarından Ermənistan ərazisi ilə və Ermənistandan Azərbaycan ərazisi ilə, o cümlədən üçüncü ölkələrə dəmir yolu yüklərinin daşınması məsələsinin həlli ilə bağlı təklifi, habelə silahlara qarşılıqlı nəzarətin ikitərəfli mexanizminin yaradılması təklifini yazılı şəkildə Azərbaycana təqdim edib.
“Biz Azərbaycandan müsbət cavab gözləyirik”, - bəyanatda deyilir. Sənəddə, həmçinin Ermənistanın iki ölkə arasında sərhədin demarkasiyası üzrə işi davam etdirmək öhdəliyi vurğulanır.
Martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsinin bütün 17 müddəasının razılaşdırıldığını və onun imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə hazır olduqlarını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib ki, Bakı ikitərəfli münasibətlərin normallaşdırılması üzrə İrəvanla dialoqu davam etdirməyə hazırdır.
Almaz Həsənli