Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

31 Mart 19:30
Bəyəndim (1) Bəyənmədim (0)

Martın 31-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirlikdən bildiriblər ki, görüşdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi instaqram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.

Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara, davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.

Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən Azərbaycanın keçmiş işğal edilmiş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının ölkəmizə qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu bildirilib.

Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırladılıb. Ərazilərimizə istinad olunarkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.

Oxuməni.az