
Bu gün Başlıbel faciəsindən 32 il ötür
Bu gün Başlıbel faciəsinin ildönümüdür.
Oxuməni.az xəbər verir ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 32 il ötür.
Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.
1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.
Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.
Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.
Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.
Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Almaz Həsənli