
Azərbaycan axtarışda olan hərbçini Rusiyaya ekstradisiya edib
Azərbaycanın Baş Prokurorluğu Rusiya prokurorluğunun hərbi hissəni icazəsiz tərk etmə işi üzrə axtarışda olan və axtarışa verilmiş hərbi qulluqçu Sotim Savlatovun ekstradisiyası ilə bağlı vəsatətini təmin edib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
“Bu gün Savlatov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi təyinatlı hissəsinin müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib”, - Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.
“Mediazona”nın məlumatına görə, Sotim Savlatovun 27 yaşı var və Tacikistanda doğulub. Onun Rusiya vətəndaşlığı var və Rusiyanın Tver vilayətində yaşayıb. Rusiya Daxili İşlər Nazirliyi 2023-cü ilin oktyabr ayının sonundan gec olmayaraq Savlatov barəsində axtarış elan edib.
O, 2025-ci ilin yanvarında Azərbaycanda həbs edilib. Ekstradisiyadan əvvəl Savlatov həbsdə olub.
Almaz Həsənli