
XİN rəsmisi: Azərbaycanın ədalətli yanaşması və antikolonial mövqeyi Afrikanın maraqlarına uyğundur
Bu ilin ilk beş ayında artıq Efiopiya, Ruanda, Somali, Qvineya və Qvineya-Bisaunun Xarici İşlər nazirlikləri ilə siyasi məsləhətləşmələrimiz aparılıb. Bu ilin sonuna qədər isə Nigeriya, Zimbabve, Cənubi Afrika Respublikası və Konqo Respublikası ilə də məsləhətləşmələrin keçirilməsi planlaşdırılır və bu istiqamətdə kifayət qədər fəallıq müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələr zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
Nazir müavini qeyd edib ki, bu proses həm COP-dan sonrakı dövrdə yaranan reallıqlardan, həm də Afrika qitəsinin Azərbaycana artan marağından irəli gəlir. Bu marağın əsasında Azərbaycanın Qlobal Cənuba yanaşması, ədalətli mövqeyi, Prezident İlham Əliyevin kolonializmə qarşı mübarizə ilə bağlı səsləndirdiyi dəyərli fikirlər dayanır.
Y.Rəfiyev əlavə edib ki, bir sıra Afrika ölkələrinin liderləri artıq Azərbaycana səfər ediblər. Bəzilərinin səfərləri isə planlaşdırılır. Azərbaycan-Afrika münasibətlərində sistemli yanaşma var.