Baş Prokurorluq Qəbələdə regional konfrans keçirib

Baş Prokurorluq Qəbələdə regional konfrans keçirib

27 May 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar, prokurorluq orqanları tərəfindən genişmiqyaslı tədbirlər təşkil edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu tədbirlərin davamı olaraq, mayın 27-də Qəbələ şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Milli suverenlik və hüquqi təminatlar: Prokurorluğun rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə 12 regionun prokurorluq orqanlarının əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad anıblar.

Daha sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunlara nəzarət idarəsinin rəisi Mahir Abbasov milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli suverenliyin möhkəmləndirilməsi və hüquqi təminatların gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətləri və bu sahədə dövlət siyasətinin davamlı inkişafını xüsusi vurğulayıb.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayon səviyyəsində hüquqi maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib. O, regional təşəbbüslərin vətəndaşların hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını bildirərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın konstitusiya quruculuğundakı əvəzsiz rolunu xüsusi vurğulayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev çıxışında milli suverenliyin hüquqi əsaslarının möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının funksional rolundan söz açıb. Bildirib ki, ictimai asayişin təmin olunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin qorunması dövlətin suveren hüquqlarının həyata keçirilməsi üçün əsas şərtlərdir.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi - Mətbuat katibi Anar Eyvazov Azərbaycanın dövlət suverenliyinin qorunmasında xalqımızın fədakarlıqlarını vurğulayıb. O, Azərbaycan Ordusunun formalaşmasının və müasir silahlı qüvvələrin yaradılmasının milli maraqların təminatında həlledici rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının dövrün tələblərinə uyğun inkişaf etdirildiyini, dövlət-ordu-xalq birliyinin gücləndirilməsinin vacibliyini bildirib. Həmçinin dezinformasiyalara qarşı mübarizədə effektiv kommunikasiyanın və rəsmi məlumatların ictimailəşdirilməsinin önəmini vurğulayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında cəmiyyətdə hüquqi şüurun formalaşdırılması, dövlət orqanlarının fəaliyyətinə inamın gücləndirilməsi və milli suverenliyin dayanıqlı şəkildə qorunması üçün hüquqi informasiyanın düzgün və vaxtında çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə prokurorluğun media ilə əlaqələrinin möhkəmləndirilməsi prioritetdir.

Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə medianın hüquqi maarifləndirmədə və ictimai nəzarətin formalaşmasında mühüm rol oynadığını bildirib, jurnalistlərin hüquqi biliklərinin artırılması və onların fəaliyyətinin hüquqi müstəvidə qorunmasının vacibliyini qeyd edib.

Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü Telman Abdulxalıqov isə milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin hüquqi və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində dövlət qurumları ilə ictimai təşkilatlar arasında əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin tətbiqi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.

Konfransın sonunda “Suverenlik və hüquqi təminatlar” mövzusunda sənədli film nümayiş olunub.

Oxuməni.az