III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent: Hüquqşünas olmaq birinci sinifdən arzum idi

III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent: Hüquqşünas olmaq birinci sinifdən arzum idi

11 İyun 18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonu 2 nömrəli şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmətli bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında III ixtisas qrupu üzrə 697.5 bal toplayaraq ən yüksək nəticə göstərib. O, birinci mərhələdə 297,5 bal, ikinci mərhələdə 400 bal toplayıb.

Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Çiçək imtahana hazırlıq prosesinə 10-cu sinifdən başlayıb. Deyir ki, dərslərinə həmişə ciddi və prinsipial yanaşıb: “Demək olar ki, günümün çox hissəsini dərs oxumağa ayırırdım. Məktəb dərslərimə də məsuliyyətlə yanaşmışam. Ən çox çətinlik çəkdiyim fənn riyaziyyat idi, amma sonda ondan da yüksək bal toplamağı bacardım”.

Hələ birinci sinifdə oxuyanda hüquqşünaslıq ixtisasını seçən müsahibimiz Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmağı qarşısına məqsəd qoyub. Gələcək planlarından danışan uğurlu abituriyent magistratura təhsilini xaricdə davam etdirmək istədiyini də vurğulayıb.

Təkcə dərslə kifayətlənməyən Çiçək müxtəlif sahələrdə də bacarığını göstərib. O, Azərbaycan dili və ədəbiyyat üzrə respublika fənn olimpiadalarında, eyni zamanda, “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsində respublika üzrə III yerin sahibi olub.

O, həmçinin II dərəcəli şahmatçıdır və bu sahədə də aktiv fəaliyyət göstərir.

Çiçək uğurlu nəticənin sirrini isə belə izah edir: “Daha çox oxuyun, amma ən əsası – özünüzə inanın. Qətiyyətli, əzmkar olun. İnsan nəyə güvənirsə, onu bacarar. Özünəinam hər şeyin başlanğıcıdır”.

Çiçək Hümmətli ali məktəblərə qəbul imtahanının ikinci şans mərhələsində də iştirak etmək üçün qeydiyyatdan keçib.

Xatırladaq ki, DİM II və III ixtisas qrupları üzrə mayın 25-də qəbul imtahanı keçirib.

Oxuməni.az