
BDYPİ skuterlə hərəkət edənlərə xəbərdarlıq edib
Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin həmin nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.
Bildirilib ki, skuterlərın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Həmin davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda, ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır.
“Bir daha xatırladırıq: Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir. Unutmayaq: Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər!”, - deyə xəbərdarlıqda qeyd olunub.
Oxuməni.az