Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar

18:29
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülmüş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.

Xatırladaq ki, 2021-ci ilin avqustunda bu yolun təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir.

Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bildirildi ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.

Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

Oxuməni.az