
Türkmənbaşı zirvəsi: Azərbaycan–Türkmənistan–Özbəkistan tərəfdaşlığının yeni strateji mərhələsi
Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüş zamanı imzalanan sənədlər regionun geoiqtisadi konturlarını dəyişmək potensialına malik olmaqla sistemli əməkdaşlığın əsasını qoydu. Razılaşmalar həm ikitərəfli, həm də üçtərəfli formatda Türk dünyası ölkələrinin enerji, nəqliyyat, logistika, şəhərsalma və mədəni sahələrdə institusional əməkdaşlığa keçidini göstərir.
AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova mövzunu şərh edərkən bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan ortaq geoiqtisadi məkana çevrilmək yolunda irəliləyirlər. Nəqliyyat və logistika sahəsində birgə infrastrukturun qurulması, marşrutların inteqrasiyası və liman imkanlarının qarşılıqlı istifadəsi prioritet sahələr kimi müəyyən olunub. Regionun əsas nəqliyyat arteriyaları olan Türkmənbaşı və Bakı limanları Orta Dəhlizin effektivliyinin artırılması üçün strateji qovşaqlara çevrilir. Bu yanaşma təkcə yükdaşımaları deyil, həm də Avrasiya miqyasında rəqabətli tranzit platformasının formalaşdırılmasını hədəfləyir.
Zirvə çərçivəsində imzalanan “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” üçtərəfli tərəfdaşlığın siyasi iradəsini və uzunmüddətli regional əməkdaşlıq perspektivlərini müəyyən edir. Bu sənəd üç Türk dövlətinin təkcə mədəni ortaq dəyərlər üzərində deyil, eyni zamanda konkret iqtisadi və infrastruktur layihələri əsasında inteqrasiya prosesinə keçdiyini nümayiş etdirir. Üç ölkə arasında strateji əməkdaşlıq çərçivəsinin əsas konturlarını müəyyən etməklə yanaşı, siyasi birlik və regional inteqrasiyanın möhkəmləndirilməsi məqsədilə qəbul edilən bəyanat Türk dövlətlərinin vahid platforma üzərində praktiki əməkdaşlığa keçmək niyyətini təsdiqləyir.
Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu” iki ölkə arasında hava nəqliyyatı infrastrukturunun inkişafını və aviauçuşların genişləndirilməsini nəzərdə tutur. Bu həm turizm, həm də işgüzar səfərlər üçün əlverişli mühit yaradaraq nəqliyyat əlaqələrinin səmərəliliyini artıracaq.
Vüsalə Cəfərova qeyd edib ki, Zirvə görüşündə səsləndirilən əsas mesajlardan biri də ticarət dövriyyəsinin artırılması və sənaye kooperasiyaları sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olub. Ölkələr arasında yüksəkkeyfiyyətli məhsulların tədarükünün təşviqi, tarif siyasətinin uyğunlaşdırılması və birgə istehsal imkanlarının genişləndirilməsi iqtisadi inteqrasiyanı gücləndirəcək. Enerji sektorunda isə karbohidrogen ehtiyatlarının işlənməsi və elektrik enerjisinin ixracı üzrə yeni layihələrin nəzərdən keçirilməsi bu sahədə ortaq investisiya fondlarının yaranmasını aktuallaşdırır. Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistanın iqtisadi əlaqələri tədricən strukturlaşdırılmış regional əməkdaşlığı hədəfləyir.
TDAM rəhbəri əlavə edib ki, Zirvə görüşündə yalnız iqtisadi deyil, humanitar əlaqələrin dərinləşdirilməsi də ön plana çəkilib. Təhsil, səhiyyə, turizm və mədəniyyət sahələrində birgə proqramların həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub. Qarabağın bərpasına dəstək, şəhərsalma təcrübəsinin paylaşılması və sosial infrastruktur layihələrinin birgə icrası bu əməkdaşlığın simvolik mərhələdən sistemli institusional mərhələyə keçdiyini göstərir. Azərbaycan və Türkmənistan arasında “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”un imzalanması isə Qarabağın bərpası kontekstində simvolik və strateji əhəmiyyət daşıyır. Arxadağ kimi "ağıllı şəhər" modelinə əsaslanan şəhər təcrübəsinin Füzuliyə transferi potensialı həm texniki, həm də şəhərsalma sahəsində faydalı ola bilər.
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” Orta Dəhlizin və TransXəzər yükdaşımalarının texniki və institusional koordinasiyasını təmin edən mühüm çərçivədir. Vahid tarif siyasəti, terminalların qarşılıqlı uyğunlaşdırılması və dəmiryolu infrastrukturunun modernləşdirilməsi regional ticarətin dayanıqlılığını və həcmini artıracaq.
Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə liderlər bir daha vurğuladılar ki, razılaşdırılmış təşəbbüslərin icrası üçün praktiki yol xəritəsi hazırlanacaq və bu sənəd əsasında müvafiq nazirliklər tərəfindən əlaqələndirilmiş tədbirlər həyata keçiriləcək. Bu, üçtərəfli əməkdaşlığın yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret mexanizmlərlə gücləndiriləcəyini nümayiş etdirir. İnstitusional çərçivədə fəaliyyətin koordinasiyası regional sabitliyin və dayanıqlı inkişafın əsas təminatına çevriləcək.
Nəticə etibarilə, Türkmənbaşı zirvəsi yalnız üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində sistemli və real iqtisadi inteqrasiyanın təməlinin qoyulması baxımından strateji əhəmiyyətə malikdir. Bu zirvə Türk coğrafiyasında regional sabitlik, dayanıqlı inkişaf və nəqliyyat-tranzit dəhlizlərinin inteqrasiyası baxımından yeni mərhələnin başlanğıcını ifadə edir.
Oxuməni.az