Belçika müstəmləkəçiliyinin Afrikadakı nəticələri Azərbaycanda müzakirə olunacaq
31 oktyabrda Azərbaycanın paytaxtı "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı ilk beynəlxalq konfransa ev sahibliyi edəcək.
Oxuməni.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə Belçikanın müstəmləkə keçmişi və onun ağır müasir nəticələri müzakirə olunacaq. Konfransda keçmiş Belçika müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən nümayəndələr, eləcə də diplomatlar, rəsmilər və ekspertlər iştirak edəcəklər.
Müzakirənin əsas mövzuları Belçika müstəmləkəçilərinin Afrikada törətdiyi vəhşiliklər - qırğınlar, etnik bölünmə, mədəni sərvətlərin talan edilməsi, müstəmləkə siyasətinin nəticələri, Afrika dövlətlərinin sərvətləri üzərində davam edən neokolonial nəzarət və təzminat məsələsinin beynəlxalq səviyyədə qaldırılması zərurəti olacaq.
İştirakçılar arasında səkkiz ölkədən beynəlxalq hüquq mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və təzminat mütəxəssisləri var.
Konfransdan bir gün öncə, 30 oktyabrda xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda müzakirələr aparacaq, auditoriya üçün mühazirələr oxuyacaqlar.
Oxuməni.az

























































































